22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, bu günlərdə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi heyət Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 nəfər üzərində açıq ürək, 1 nəfərdə isə periferik damar əməliyyatı aparıb. Böyük uğurla keçən əməliyyatlardan sonra tanınmış ürək-damar cərrahı, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəşad Mahmudovla görüşərək ondan müsahibə aldıq. O, Naxçıvan Muxtar Respublikasında onlarla açıq ürək əməliyyatları aparıb. Onunla söhbətimiz də bu mövzuda oldu. Rəşad Mahmudov Naxçıvanda uzun illərdir, həyata keçirilən xoşməramlı aksiyalar barədə dedi:

– Naxçıvan Muxtar Respublikasında uzun illərdən bəri davam edən növbəti açıq ürək əməliyyatları aksiyası bu gün də uğurla davam etdirilir. Bu dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində aksiyanı Mərkəzi Neftçilər Xəstəxanası ilə Naxçıvandakı həkimlər və kardi­oloqlar ilə birlikdə həyata keçirdik. Birgə fəaliyyət nəticəsində uğurlu ürək əməliyyatları apardıq. Əməliyyat apardıqlarımız arasında 11 aylıq körpə də var idi, yaşı 75 olan müxtəlif ürək xəstəliklərindən əziyyət çəkən xəstələr də. Biz ürək əməliyyatları ilə birlikdə ambulator müayinələr də apardıq. Ürək xəstəliklərindən əziyyət çəkən xəstələrə lazımi tövsiyələr, məsləhətlər verdik.
Bütün bunlar son 20 ildə muxtar respublikada səhiyyə sahəsində görülən əsaslı işlərin nəticəsidir. Bizim üçün qürurverici hadisədir ki, artıq bu gün istər Bakıda, istərsə də Naxçıvanda ürək əməliyyatları yüksək səviyyədə aparılır. Ən əsası isə belə mürəkkəb əməliyyatlarda muxtar respublikadan olan yerli kadrların birbaşa iştirakı böyük nailiyyətdir. İndiyədək Naxçıvanda 800-dən çox belə ürək əməliyyatlarının aparılması, həqiqətən, böyük uğurdur. Bu həm də Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafını göstərən önəmli bir rəqəmdir.

– Rəşad həkim, siz qeyd etdiniz ki, mürəkkəb ürək əməliyyatlarında muxtar respublikanın yerli həkim heyəti də yaxından iştirak edir. Bu mənada, həkimlərimizin peşəkarlıq səviyyəsini necə qiymətləndirmək olar?
– Sevindirici haldır ki, səhiyyənin digər sahələri ilə yanaşı, cərrahiyyə əməliyyatlarının aparılması sahəsində də Naxçıvanda böyük təcrübə formalaşıb. Artıq yerli kadrlar tərəfindən günlük angioqrafiyaların tətbiqi, angioqrafiyalar ilə birlikdə anoplastika deyilən, təcili infarktla gələn xəstələrə lazımi müdaxilələrin göstərilməsi Naxçıvanda yüksək səviyyədə həyata keçirilir. Qeyd etdiyim kimi, bu, muxtar respublikada hər bir sahədə nəzərəçarpan inkişafın səhiyyədə də mövcud olduğunu göstərən amildir.
– Bəlkə də, buna görə əvvəllər Bakıdan gələn həkim heyətinin say tərkibi hər il azalır.
– Bəli. Bildiyiniz kimi, 2007-2008-ci illərdə muxtar respublikaya 30-35 nəfərlik bir həkim heyəti ilə gəlirdik. Nəyə görə? Çünki həyati risklərlə dolu olan mürəkkəb əməliy­yatlar ancaq peşəkar həkimlər tərəfindən aparıla bilər. Bu gün isə ən böyük heyətimiz artıq 8-10 nəfərdən ibarət olur. Çünki bu gün muxtar respublikada ən mürəkkəb əməliyyatlar belə, Naxçıvandakı yerli kadrlar tərəfindən həyata keçirilir. Onlar heç kəsdən dəstək almadan uğurlu əməliyyatlar apara bilirlər. Bu gün muxtar respublikaya gələn 8-10 nəfərlik qrupda olanlar arasında əməliyyat, anesteziya, süni qan dövranı sistemi, reanimasiya üzrə bir ixtisaslı həkim olur. Bu da ona görədir ki, xəstələrimiz özlərini güvəndə hiss etsinlər. Bilsinlər ki, əməliyyatlarda Mərkəzi Neftçilər Xəstəxanasından gələn həkim heyəti də var və lazım olan məqamda onlar müdaxilə edəcəklər. Ancaq indiyədək buna ehtiyac olmayıb. Yəni söhbət ancaq insanların inamını qazanmaqdan gedir.
Digər tərəfdən, muxtar respublikada həkimlərin iş şəraiti də çox gözəldir. Burada mövcud olan xəstəxana binaları ən müasir tələblər səviyyəsində tikilib və ya təmir olunub. Mən istifadəyə veriləcək olan Naxçıvan Muxtar Respublika Xəstəxanasını gəzərkən bunun bir daha şahidi oldum. Bu xəstəxanada yaradılan şərait, həqiqətən də, insanı valeh edir. Təkcə binanın xarici görünüşü deyil, bir ixtisaslı həkim kimi deyə bilərəm ki, xəstəxananın içərisi də yüksək səviyyədədir. Xəstələrin öz problemlərini həll etmək üçün qurulmuş mükəmməl bir sistem yaradılıb. İnanın,`insan fəxr edir.
Əminliklə deyə bilərəm ki, hətta Avropanın bir çox ölkələrində bu cür xəstəxanalar tapmaq çox çətindir. Əminəm ki, həm Naxçıvan əhalisi, həm də Naxçıvanın səhiyyə işçiləri belə imkanlara sahib olduqları üçün həmişə bu ölkənin, bu gözəl torpağın, Azərbaycanın vətəndaşı olmaqla fəxr edirlər. Bunun qədrini bilməliyik.
Biz biliklərimizi, təcrübəmizi də bu səviyyəyə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki bu gün dünyada daim yeni təcrübələr yaranır, kəşflər edilir. Elm, bilik, təcrübə hər gün yeniləşir. Biz vaxtaşırı bunu izləməliyik, yeniliklərdən xəbərdar olmalıyıq, təcrübə mübadiləsi ilə intensiv şəkildə bilik imkanlarımızı artırmalıyıq. Bu gün muxtar respublika səhiyyə işçilərinin qonşu ölkələrdə təcrübə keçməsi, təcrübə mübadiləsi aparması çox təqdirəlayiqdir. Türkiyə və İran universitetləri ilə əlaqələrin yaradılması, Bakıda təcrübələrin öyrənilməsi müsbət haldır.
Bir reallığı da qeyd etmək istərdim. Son 20 il ərzində kadr siyasəti ilə əlaqədar postsovet məkanında səhiyyə sahəsində ən qabaqcıl təcrübə birmənalı olaraq, Azərbaycana məxsusdur. Bu sahədə ölkəmiz birinci yerdə qərarlaşıb. Ulu öndərimiz Heydər Əliyevin yolu ilə uğurla addımlayan Azərbaycanda xarici ölkələrdə təhsil almağa göndərilən kadrların bu gün vətənə qayıdaraq fəaliyyət göstərməsi müsbət irəliləyişlərin əldə edilməsinə öz təsirini göstərir. Səhiyyə sahəsində biz bunu daha aydın görürük. Mən birmənalı şəkildə deyə bilərəm ki, MDB ölkə­ləri içərisində ixtisaslı Avropa təhsili almış kadrların çoxluğuna görə ölkə­miz ön sıralardadır. Bu həm də ölkəmizin səhiyyə sisteminin dünyanın səhiyyə sisteminə inte­qrasiyasına əsaslı zəmin yaradır.
– Naxçıvan səhiyyəsində daha çox hansı yeniliklər sizin diqqətinizi cəlb edir?
– Naxçıvan Muxtar Respublikasında səhiyyənin bütün sahələri, o cümlədən kardiologiya sahəsində təqdirəlayiq işlər görülür. Şəhər və hətta kəndlərdə tibbi xidmətin yüksək səviyyədə həyata keçirilməsi öz nəticələrini verir. Birinci, ambulator müayinələrin vaxtında aparılması, diaqnozun vaxtında qoyulması çox önəmlidir. Məhz bu səbəbdən əvvəlki illərlə müqayisədə bizim tərəfimizdən müayinə olunan xəstələrdə fəsadlara daha az rast gəlinir. Naxçıvanda yaşayan insanların özlərinin də fərqində olduqları həqiqət ondan ibarətdir ki, əvvəllər bir sıra mürəkkəb əməliyyatlar üçün, hətta deyərdim ki, sadə əməliyyatlar üçün insanlar qonşu ölkələrə üz tuturdular. Bu gün belə bir hal xeyli azalıb. Bu, səhiyyə sahəsində muxtar respublikada əldə olunan inkişafın ən bariz nümunəsidir.
Düşünürəm ki, ölkəmizdə mövcud olan sabitlik və inkişaf var olduğu müddət ərzində səhiyyəmiz daha da inkişaf edəcək və daha böyük nailiyyətlər əldə olunacaqdır.
– Sağlamlıq hər bir insan üçün ən böyük nemətdir. Son dövrlər bütün dünya üzrə ürək-damar xəstəliklərinin artması da günümüzün reallığıdır. Bəs bu kimi xəstəliklərə düçar olmamaq üçün nə etmək lazımdır? Peşəkar həkim kimi oxucularımıza nəyi məsləhət görərdiniz?
– Bildiyiniz kimi, uzun illərdən bəridir ki, ölkəmizin müxtəlif regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında bəlkə on mindən çox insan üzərində müayinələr aparmışıq. Müayinələr nəticəsində görürük ki, bir çox xəstə­lərimiz, necə deyərlər, sağlam həyat tərzi yaşamır. Sağlam həyat tərzi dedikdə, günlük yuxu rejiminə riayət olunmasını, sağlam qidalanmağı, orqanizmə xüsusilə zərər verən siqaretdən, içkidən, stresdən uzaq həyat tərzi keçirməyi, hər gün idman etməyi və ya piyada gəzməyi, təmiz hava qəbul etməyi və artıq çəkidən xilas olmağı nəzərdə tuturam.
Sağlamlığımızda risk faktorlarının da rol var. Əgər ailə üzvlərimizdə istər şəkərli diabet, istər yüksək təzyiq, istərsə də ürək xəstələri varsa, o zaman mütəmadi müayinələrdən keçmək lazım gəlir. Vaxt­aşırı müayinələr gələcəkdə daha ciddi problemlərin, böyük fəsadların qarşısını alır. Müasir tibbin imkanları buna geniş şərait yaradır. Yəni ümidsizliyə düşmək lazım deyil ki, mənim ailə üzvlərimdə hansısa xəstəlik varsa, məndə də olacaqdır. Bu, olmaya da bilər. Ancaq yenə də risk etməmək lazımdır. Ayıracağınız bir saat vaxt ömrünüzü xilas edə bilər. Ona görə də vaxtlı-vaxtında müayinələrdən keçmək lazımdır. Eyni zamanda, qeyd etdiyim kimi, sağlam həyat tərzi yaşamaq vacibdir. Əks-təqdirdə yeni xəstəliklərin yaranma ehtimalı artır.
Onu da deyim ki, son iyirmi ildə ölkəmizdə, o cümlədən muxtar respublikada aparılan məqsədyönlü siyasət nəticəsində artıq insanların orta ömür həddi getdikcə yüksəlməyə başlayıb. Əvvəllər əgər biz 40-50 yaşlarında insanları əməliyyat edirdiksə, bu gün artıq 70-80 yaşında olan insanların əməliyyata ehtiyacı olur. Bu isə böyük irəliləyişdir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR