Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-u bəzi tarixi səbəblərlə bağlı olaraq müsəlmanların bir qismi tərəfindən matəm günü kimi qeyd edilir. Bəzi qatı dindarlar bu gündə özlərinə xətər yetirməyi, bədənlərindən qan çıxarmağı mənəvi borc hesab edirlər.
Halbuki bu günün xüsusi özəlliklərindən biri də köməksizə arxa olmaq, yardım etməkdir. Bu baxımdan artıq bir neçə ildir ki, ölkəmizdə Aşura günü qanvermə aksiyalarının keçirilməsi təqdirəlayiq haldır. Bu yolla həm dindarların bədənindən qan çıxarmaq arzusu sivil qaydada reallaşır, həm də dindarlar verdikləri qanla qana ehtiyacı olan xəstələrin həyatını xilas edir, savab qazanırlar.
Son bir neçə ildə olduğu kimi, bu il də həm Naxçıvan şəhərində, həm də ayrı-ayrı rayonlarda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilmişdir.
Oktyabrın 24-də keçirilən Aşura mərasimlərində günorta saatlarınadək Naxçıvan Muxtar Respublika Xəstəxanasının 2 briqadası Naxçıvan şəhərindəki Heydər məscidində 59 nəfərdən, Diaqnostika-Müalicə Mərkəzinin briqadası Pirqəmiş məscidində 60 nəfərdən, Doğum Mərkəzinin 2 briqadası Came məscidində 68 nəfərdən qan götürmüşdür. Şərur rayonunda 80, Babək rayonunda 53, Şahbuz rayonunda 36, Kəngərli rayonunda 149, Culfa rayonunda 60, Ordubad rayonunda 43, Sədərək rayonunda 17, bütövlükdə, muxtar respublika üzrə 625 nəfərdən 187,8 litr qan tədarük olunmuşdur. Məscidlərdə qanvermə aksiyaları axşam saatlarınadək davam etmiş, dindarlar sivil qaydada, könüllü olaraq qan vermişlər. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilmişdir. Bir neçə saat davam edən aksiyada donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda qan bankına təhvil verilmişdir. Beləliklə, qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılmışdır. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır. Tədarük olunan qan və qandan hazırlanmış preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunacaq.
Naxçıvan Мuxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti