22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailə­lərdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir. Artıq bu ilin 9 ayı ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 347 cərrahi əməliyyat, o cümlədən 96 nəfər xəstədə açıq ürək, 82 nəfər xəstədə göz və 153 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılıb, 16 nəfər xəstənin ürək damarlarına stent qoyulub. Bu sahədə Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb. Heyət əvvəllər Naxçıvana müəyyən vaxt ərzində gəlirdisə, indi açıq ürək əməliyyatına zərurət yarandıqda dəvət olunur.

Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi 10 nəfərlik heyət bu il səkkizinci dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunub. Cərrah, anestezioloq və əməliyyat tibb bacıları ilə təmsil olunan heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr, 10 nəfər üzərində açıq ürək, 1 nəfərdə isə periferik damar əməliyyatı aparılmasına göstəriş verib.
Oktyabrın 22-dən başlayaraq xəstələr üzərində açıq ürək – aortakoronar şuntlama, qulaqcıqlararası qüsurun aradan qaldırılması, süni qapaqcıqların qoyulması, Fallo tetradası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparılıb. 11 aylıq uşaq üzərində mürəkkəb əməliyyat icra olunub, ürəyin çəpərlərarası qüsuru aradan qaldırılıb.
Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır. Həmişə olduğu kimi, cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak ediblər. Heyət dünən öz işini başa vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR