Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmışdır. Bu ilin ötən dövrü ərzində sertifikasiya imtahanlarında iştirak edən 36 həkim həm test, həm də müsahibə mərhələsində zəruri nəticəyə nail olmuşdur. Orta tibb işçilərinin isə 76 nəfəri test, 190 nəfəri isə müsahibə mərhələsini uğurla başa vuraraq növbəti beş il üçün sertifikat almışlar.
Dünən Naxçıvan Dövlət Universitetində keçirilən növbəti test imtahanında Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya şurası sədrinin müavini Süleyman Cəfərov tibb işçilərinin sertifikasiyasını kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri kimi dəyərləndirərək demişdir ki, hazırda bütün qabaqcıl ölkələrdə olduğu kimi, muxtar respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmalarına imkan yaradır. Bu proseslər muxtar respublikamızda həkimlərin və orta tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir.
80 tibb işçisinin iştirak etdiyi imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
İmtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb bacılarının hazırlığına öz müsbət təsirini göstərdiyindən 43 nəfər 90-100 arası bal toplamışdır ki, bu da əvvəlki imtahanlara nisbətən müsbət nəticədir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının orta tibb işçisi Almaz Baxşəliyeva isə 100 bal toplayaraq ən yüksək nəticəyə nail olmuşdur.
Zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Növbəti imtahanda isə 80 nəfərdən yalnız 5 nəfəri lazımi nəticəyə nail ola bilməmişdir. Onlar kurslara cəlb edilərək 6 ay ərzində yenidən öz bilik və bacarıqlarını sınamalı olacaqlar.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti