Avqust ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yenidoğulmuş uşaqların 97,8 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 28 min 411 kvadratmetr dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, 27 məhsul sertifikatlaşdırılmışdır.
Ay ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 88 su, 463 yuyuntu nümunələrinin, 324 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 109, təhsil üzrə 139, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 320, kommunal sahələr üzrə 77, sürücülük üzrə 12 nəfər olmaqla, bütövlükdə, 657 nəfər müayinədən keçmişdir.
Sanitariya-kimyəvi laboratoriyalar şöbəsinin qidalanma gigiyenası laboratoriyasında 42 nümunədə 198 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 3 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 65 nümunədə 520, toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 46 nümunədə 122 müayinə aparılmışdır.
Əhalinin sanitar-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün 29 xəbərdarlıq edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti