22 Dekabr 2024, Bazar

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşmamaq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması məqsədilə üç turdan ibarət immunlaşdırılma işi həyata keçirilir. Bu il fevral və mart aylarında aparılan ilk turda 1165 tibb işçisinə hepatit B vaksini vurulmuşdur. Həmin tibb işçiləri aprel ayında keçirilən ikinci tura cəlb edilmiş, birinci turda vaksin almayan 45 nəfərə isə hepatit B vaksini ilə immunlaşdırılma işi icra olunmuşdur. Hepatit B vaksininin vurulması üçün rayon mərkəzi xəstəxanalarında üç, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılmışdır. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə etmişdir.
Vaksin alan bütün tibb işçilərinin qanı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə laboratoriyasında hepatit B virusuna qarşı analiz olunmuş və həmin qan nümunələrinin hepatit B-yə görə seroloji diaqnostikası aparılmışdır.
Tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılmasının üçüncü turu isə ikincidən 6 ay sonrakı müddətdə həyata keçirilir. Artıq üç gündür ki, bu aksiyaya start verilib. Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbirə şəhər səhiyyə müəssisələrinin 34 orta tibb işçisi cəlb olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsən­ova çıxış edərək tədbirin mahiyyəti, immunlaşdırmanın əhəmiyyəti barədə məlumat vermişdir.
Sonra tədbirdə iştirakçıların hepatit B vaksini ilə immunlaşdırılması işi icra olunmuşdur.
Xatırladaq ki, muxtar respublikada ilk dəfə belə aksiya 2007-ci ildə, ikinci dəfə isə 2012-ci ildə Naxçıvan şəhərindəki cərrahi, ginekoloji və stomatoloji xidmətlə məşğul olan tibb müəssisələrində həyata keçirilmişdir. Həmin müddətdə cərrahların, ginekoloqların, stomatoloqların və digər tibb işçilərinin böyük bir qrupu hepatit B vaksini ilə peyvəndə cəlb olunmuşlar. 2007-ci ildə peyvənd alan tibb işçilərinin hamısı 2012-ci ildə revaksinasiya edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR