22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi avqust ayında öz işini təsdiq olunmuş iş və tədbirlər planına uyğun quraraq əhalinin sağlamlığının etibarlı şəkildə qorunması istiqamətində fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”na uyğun olaraq, belə xəstələrin zəruri dərman preparatları ilə davamlı təminatı avqust ayında da davam etdirilmiş, Azərbaycan Respublikası Mirqasımov adına Klinik Xəstəxanası dağınıq skleroz xəstələrinin dərmanla təchizat komissiyası tərəfindən muxtar respublikamızda yaşayan xəstələr üçün zəruri dərman preparatları gətirilmişdir.
Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin heyəti və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi tərəfindən 14 nəfərdə açıq ürək əməliyyatı, 26 nəfərdə müayinələr aparılmışdır.

Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 20 nəfərdə müayinə, 11 nəfərdə əməliyyat yerinə yetirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirmişdir.
Talassemiya və hemofiliya xəstələrinin qanla təminatını yaxşılaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti tərəfindən Diaqnostika-Müalicə Mərkəzində qanvermə aksiyası keçirilmiş, 26 nəfərdən 7,8 litr qan tədarük edilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari il üçün iş planına uyğun olaraq, həkim briqadaları tərəfindən yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilmiş, Ordubad, Şahbuz rayonlarının ərazisində olan obalarda heyvandarlar və ailələrinin kütləvi tibbi müayinəsi aparılmışdır.
Tibb müəssisələrinin fəaliyyətinə nəzarət məqsədilə avqust ayında Babək rayon Hacıvar, Zeynəddin, Yarımca, Qahab, Sirab, Kültəpə, Kərimbəyli həkim ambulatoriyalarına, Şəkərabad, Badaşqan feldşer-mama məntəqələrinə gedilmiş, mövcud nöqsanların yerindəcə həll olunması üçün tapşırıqlar verilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq, Naxçıvan Tibb Kollecinin 4 müəllim və 16 tələbədən ibarət heyəti avqustun 1-dən 16-dək Türkiyə Respublikası Ərzurum Atatürk Universitetində on beş gün müddətinə təcrübə kursu keçmiş, Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova Türkiyə Respublikasında keçirilən “Diş və ağız boşluğunun estetika və cərrahiyyəsi” mövzusunda seminar-kursda iştirak etmişdir.
Ahıl və əlillərə göstərilən tibbi xidməti yaxşılaşdırmaq məqsədilə avqust ayı ərzində muxtar respublika üzrə 7 nəfər Bakı şəhər Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 21 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 14 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR