22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir. Bu sahədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası ilə qarşılıqlı əməkdaşlıq artıq ənənə halını alıb. Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin yüksəkixtisaslı heyəti Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsi ilə birgə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 96 nəfərdə müayinə, 58 nəfərdə açıq ürək əməliyyatı aparıb.

Həmçinin Diaqnostika-Müalicə Mərkəzinin həkimləri tərəfindən ötən yarımildə 120 nəfərdə koronarangioqrafiya əməliyyatı aparılıb, ehtiyacı olan 16 nəfərə stent qoyulub, 1 nəfərdə isə aşağı ətrafın amputasiyası həyata keçirilib.
Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin kardiocərrahı Seymur Musayevin rəhbərlik etdiyi 11 nəfərlik heyət bu il yeddinci dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunub. Cərrah, anestezioloq və əməliyyat tibb bacıları ilə təmsil olunan heyətə bu gündən Mərkəzi Neftçilər Xəstəxanası Ürək-damar xəstəlikləri şöbəsinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudov da qoşulacaq.
Heyət əvvəlcədən qeydiyyata götürülmüş risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr, 14 nəfər üzərində isə açıq ürək əməliyyatı aparılmasına göstəriş verib.
Ötən şənbədən başlayaraq 7 kardioloji xəstə üzərində açıq ürək-aortakoronar şunt-lama, qulaqcıqlararası defektin aradan qaldırılması, süni qapaqcıqların qoyulması, fallo tetradası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparılıb. Bir xəstə üzərində isə qarın aortasının anevizması icra olunub.
Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırır, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayır. Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak edirlər.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə dəvət olunmuş daha bir yüksəkixtisaslı həkim – akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardio­cərrahiyyə şöbəsinin invaziv kardioloqu Elnur İmanov əvvəlcədən qeydiyyata alınmış 21 xəstə üzərində yerli həkimlərlə birgə exokardioqrafiyanın çəkilməsi və müalicəsi ilə məşğul olub, əməliyyata ehtiyacı olan anadangəlmə ürək qüsurlu uşaqları müəyyənləşdirərək onların qapalı ürək əməliyyatına göstəriş verib. Bu əməliyyatları aparmaq üçün Akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi Uşaq kardiocərrahiyyə şöbəsinin heyəti yaxın günlərdə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində anadangəlmə ürək qüsurlarının müalicəsi – ağciyər arteriyanın və aorta qapağının qapaqsal darlığının ortadan qaldırılması, açıq arterial axacağının bağlanması, aorta koartasiyanın balon valvuloplastikası, qulaqcıqlar və mədəciklər arası çəpərin invaziv üsulu ilə bağlanması, uşaqlarda aritmiyaların müalicəsi, açıq ürək əməliyyatı olmuş anadangəlmə ürək qüsurlu uşaqların əməliyyatdan sonrakı dövrdə müayinəsi və müalicəsi ilə məşğul olacaqdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR