Avqustun 19-da Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlığını yoxlamaq, fövqəladə halların qarşısının alınmasına və ləğvinə yönəldilmiş sanitariya-gigiyena və əks-epidemik tədbirlərin təşkili və həyata keçirilməsində, yeyinti məhsulları, ərzaq xammalı və içməli suyun zərərsizləşdirilməsinin tamlığı üzərində laborator nəzarətin aparılmasında şəxsi heyətin əməli vərdişlərini təkmilləşdirmək, xəstəlik mənbələrinin epidemioloji müayinəsi və mənbədə yoluxucu xəstəliklərin təhlili üzrə fəaliyyəti təşkil etmək, ictimai iaşə müəssisələrinin, su təchizatı obyektlərinin fəaliyyətlərində sanitar-gigiyenik rejimin üzərində nəzarəti təşkil etməkdən ibarət olmuşdur.
Tədbiri Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tağı Axundov açaraq təlimə hazırlıqla bağlı görülən işlər, sanitar epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlıq səviyyəsi, təminat və təchizat məsələləri barəsində ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublika ərazisində ehtimal olunan fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının qarşısına qoyulmuş vəzifələrdən, bu təlimin əhəmiyyətindən danışmışdır.
Təlimin rəhbəri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlığına qoyulan tələbləri diqqətə çatdırmışdır.
Təlimin birinci mərhələsində sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatı və hazırlığı, ikinci mərhələdə isə 6 tədris yerində epidemiya əleyhinə səyyar dəstənin, epidemioloji kəşfiyyat qrupunun, toksikoloji, bakterioloji, qida və kommunal laboratoriyaların, eləcə də obyekt mülki müdafiə qüvvələrinin əməli fəaliyyəti yoxlanılmışdır.
Təlimə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun yerli qurumlarından 82 nəfər şəxsi heyət, 5 ədəd tibb, 1 ədəd xüsusi təyinatlı avtomobil cəlb olunmuş, müxtəlif təyinatlı tibbi avadanlıqlardan və cihazlardan istifadə edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti