Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. Naxçıvan Tibb Kollecində Mamalıq işi, Müalicə işi, Tibb bacısının işi, Əczaçılıq işi, Ortopedik stomatologiya olmaqla, 5 ixtisas üzrə orta ixtisaslı kadrlar hazırlanır.
Kollecdə mikrobiologiya və tibbi genetika, anatomiya, fiziologiya, patologiyanın əsasları, tibb bacısının işi və daxili xəstəliklər, uşaq xəstəlikləri, cərrahiyyə, informatika, humanitar və sosial-iqtisadi, hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti fənləri üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompüter otağı fəaliyyət göstərir.
Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazırda ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikasının tanınmış klinika və ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinə uyğun olaraq, Naxçıvan Tibb Kollecinin müxtəlif ixtisaslar üzrə tələbə və müəllim heyəti bu il avqustun 1-dən 16-dək Türkiyə Respublikası Ərzurum Atatürk Universitetində on beş gün müddətinə təcrübə kursu keçmişdir.
4 müəllim və 16 tələbədən ibarət heyət Atatürk Universitetinin araşdırma xəstəxanasının endokrinoloji, ginekoloji, dəri-zöhrəvi, genetika, cərrahi, pediatriya, təcili tibbi yardım üzrə bölmələrində olmuşdur. Tələbələr xəstəxananın tibb bacıları ilə birlikdə müxtəlif manipulyasiyaların aparılmasında, sarğıların qoyulmasında, digər tibbi proseslərdə iştirak etmiş, qarşılıqlı təcrübə mübadiləsi aparmışlar. Onlar plastik və keysəriyyə əməliyyatlarını izləmiş, doğuş zallarında, genetik laboratoriyada iş prosesi ilə tanış olmuş, müasir tibbi avadanlıq və cihazların istifadə qaydalarını, yeni müayinə-müalicə üsullarını mənimsəmişlər. İkihəftəlik təcrübə müddətində müəllim-tələbə heyəti təcrübi vərdişləri möhkəmlətmiş, xarici tibbi ədəbiyyatla tanış olaraq nəzəri biliklərini artırmışdır.
Ümumiyyətlə, Naxçıvan Tibb Kollecinin tarixində ilk dəfə olaraq xarici əlaqələrin yaradılması, qarşılıqlı əməkdaşlıq səhiyyə müəssisələrinin bacarıqlı tibb işçiləri ilə təminatında mühüm rol oynayacaqdır.
Heyət kursu başa vuraraq Naxçıvana qayıtmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti