Naxçıvanın şöhrətini dünyaya yayan təbii ehtiyatları arasında Duzdağın müalicəvi duz şaxtaları xüsusi yer tutur. Regionda analoqu olmayan bu müəssisə hələ keçən əsrin 70-ci illərindən yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin müalicə mərkəzi kimi geniş şöhrət qazanmışdır.
Burada yaradılmış yüksək komfort səviyyəli xidmət şəraiti son illərdə muxtar respublikamızın, ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən gələn bronxial-astma xəstələri üçün əlverişli imkanlar yaradır. Belə isti yay günlərində isə Duzdağda müalicə olunub, istirahət etmək istəyənlərin sayı daha da artır.
Duzdağ Fizioterapiya Mərkəzinə baş çəkəndə burada qələbəlik idi. Şaxtalarda və xidmət yerlərində əksəriyyəti uşaqlar olan xeyli sayda insan var idi. Mərkəzin baş həkimi Ruslan Süleymanovla söhbətimizdə bildirdi ki, hazırda burada müalicə iki növbədə təşkil olunmuşdur. 5 yaşına qədər uşaqlar və 65 yaşdan yuxarı yaşlılar, o cümlədən bəzi yanaşı xəstəlikləri olanlar gündüz növbəsində müalicə olunurlar. Baş həkim onu da dedi ki, indiyə qədər mərkəzə 115 nəfəri əcnəbi vətəndaş olmaqla, 3493 nəfər müraciət etmişdir. Mərkəzə ağırlaşma ilə daxil olmuş pasiyentlərin hamısı öz sağlamlığına qovuşaraq buranı tərk etmişlər. Müalicə olunanlar və onları müşayiət edəndər üçün burada nümunəvi xidmətlər təşkil olunmuş, Naxçıvan şəhərinə səhər və axşam saatlarında mütəmadi olaraq sanitar maşın və avtobuslarla nəqliyyat servisləri fəaliyyət göstərməkdədir. Baş həkim onu da əlavə etdi ki, Duzdağa gəlmək istəyən qonaqların əksəriyyəti indi artıq hava limanından birbaşa buraya gəlirlər. Belə qonaqlar isə həm ölkəmizin müxtəlif regionlarından, həm də dünyanın müxtəlif ölkələrindəndir. Ölkəmizin dənizsahili və rütubətli bölgələri kimi, Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallıdan mərkəzə müraciət edənlər daha çoxdur. Mərkəzin girişində tanış olduğumuz pasiyentlərlə qısa söhbətdən də bu qənaətə gəldik. 14 yaşlı qızı Humayı müalicəyə gətirmiş Masallı sakini Mətanət İbadova, azyaşlı oğlanları Azər və Əhmədin müalicəsi üçün Naxçıvana gəlmiş Bakı şəhər sakini Dəyanət Ağayev, habelə Gürcüstan vətəndaşı Könül Novruzova, Almaniyadan oğlu Elnuru müşayiət edən Almaniya vətəndaşı Elmar Səlimov, Rusiya vətəndaşları Süleyman Abbasov və Yasin Bağırov da mərkəzin xidmətlərindən və Naxçıvanda onlara yaradılmış şəraitdən razılıq etdilər.
Xəbərlər şöbəsi