22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda elan olunmuş “Kənd təsərrüfatı ili”ndə bostan məhsulları bolluğudur. Torpaq mülkiyyətçiləri üçün yaradılmış şərait öz bəhrəsini verir. Bazar və yarmarkalarda, ticarət şəbəkələrində, yol kənarlarında qovun-qarpız həm alıcı üçün, həm də satıcı üçün əlverişli qiymətə satılır. Alan da razıdır, satan da.
Bununla yanaşı, unutmaq olmaz ki, bostan məhsulları ilə düzgün qidalanma sağlamlığın başlıca şərtidir. Bu sahədə əhalinin maarifləndirilməsinin zərurətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkimi Abbas Əliyevlə həmsöhbət olduq:
– Abbas həkim, indi yay süfrəsini qarpızsız təsəvvür etmək olmur. Düzgün qidalanmada qarpızın rolu nədən ibarətdir?
– Yay aylarının ən çox istifadə edilən giləmeyvələrindən olan qarpız su (çəkinin 80 faizi­nə qədər), fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlükozadan fərqli olaraq, hətta şəkərli diabet xəstə­liyindən əziyyət çəkən insanlara heç bir mənfi təsir etmir.

Xalq təbabətində, yazılı və şifahi ədəbiyyatda qarpızın faydaları haqqında kifayət qədər məlumata rast gəlinir. Məsələn, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” poemasında qarpızın xeyirli cəhətləri belə ifadə olunur:
Mən sinələrə səfa verirəm,
Mən didələrə cila verirəm,
Səfravü hərarətə dəvayəm,
Baş ağrısına əcəb şəfayəm.
Xoş təm ləziz, rəngim əhmər,
Suyum dəxi çün zülali-Kövsər.
Bimarlara dəva mənəm, mən.
Həm xəstələrə şəfa mənəm, mən.
Bu sətirlər xalq təbabətində qarpızla bağlı fikirlərə uyğun gəlir. Müasir elm də Füzulinin misralarındakı müddəaları təsdiqləyir. Qarpız insan orqanizmini daxildən, sözün tam mənasında, “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.
Qarpız şirəsi qaraciyərə orqanizmdən toksinləri yuyub aparmaq üçün kömək edir. Onun tumları bağırsaqları qurdlardan təmizləyir. Tərkibində maqnezium mikroelementinın miqdarına görə qarpız badamdan sonra ikinci yer tutur. Qidada maqneziumun xroniki çatışmazlığı təzyiqin artmasına gətirib çıxarır. Bundan əlavə, maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir. Maqneziumdan əlavə, qarpız kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün çox vacibdir.
Qarpızda dəmir mikroelementi də vardır. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir. Arıqlamaq istəyənlər qarpız yeyə bilərlər. Qarpızda kalorinin az olmasına baxmayaraq, o, tez bir zamanda insanda toxluq hissi yaradır.
– Qarpız həm də damarları aterosklerozdan qoruyur.
– Alimlər qarpızın yeni, əvvəllər məlum olmayan xassəsini aşkara çıxarıblar. ABŞ-da aparılan tədqiqatlar göstərir ki, qarpız aterosklerozun (ürək-damar sistemi xəstəliyi) inkişaf riskini azaldır. Bu, arteriyaların divarlarının bərkiməsi və onların elastikliyinin itməsinin xarakterik olduğu və sonradan orqanların qanla təchiz olunmasının pozulduğu xroniki xəstəlikdir. Kentukki Universitetinin alimləri siçanlar üzərində tədqiqat aparıblar. Onlar yüksək tərkibli xolesterinli xüsusi pəhrizə məruz qalıblar. Bununla yanaşı, siçanların bir qrupuna içmək üçün qarpız şirəsi, digərlərinə isə adi su verilib. Səkkiz həftədən sonra alimlər siçanların çəkisini ölçərək alınan nəticələri müqayisə ediblər. Məlum olub ki, qarpız şirəsi içən siçanlar su içənlərdən daha az çəkiyə malikdirlər. Qarpız suyu piy kütləsinin azalmasına səbəb olub. Bununla yanaşı, onlarda əzələ kütləsi azalmayıb, qanın plazmasında xolesterinin konsentrasiyası xeyli az olub. Gəmiricilərin damarlarının müayinəsi göstərib ki, onlarda aterosklerotik zədələnmə digər qrupdakılardan xeyli azdır.
– Xeyirli cəhətlərinə baxmayaraq, qarpızın həddindən artıq yeyilməsi xoşagələn nəticələr vermir. Bir xalq mahnısında deyildiyi kimi, “Qarpız kəsdim, yeyən yox, vallah dərdimi bilən yox”.
– Həqiqətən də, düzgün seçilməmiş qarpız insanın səhhəti üçün təhlükəli ola bilər. Bunun səbəbi isə ondan ibarətdir ki, qarpız yetişdirilməsi zamanı tez-tez nitrat tərkibli gübrələrdən istifadə olunur. Bu nitratlar insanların, xüsusən də uşaqların orqanizmi üçün təhlükəlidir. Genetik modifikasiyaya uğramış qovun-qarpızın xeyrindən çox zərəri vardır. Daxili bazarın belə məhsullardan qorunması əhalinin sağlamlığının qorunması istiqamətində dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, mövsümün qaynar çağı olsa da, bostan-tərəvəz məhsullarından zəhərlənmə hadisəsinə görə bizim mərkəzə müraciət edən yoxdur.
Qarpızdan lazımi qədər istifadə edilməsi məsləhətdir. “Xeyirdir”, – deyə həddindən artıq qəbul etmək olmaz. Bu, iri böyrəkdaşı olan xəstələrdə narahatlığa gətirib çıxarır. Qarpızı çox vaxt yeməkdən sonra qəbul edirik. Bu, düzgün deyil. Yeməkdən dərhal sonra yeyilən qarpız köp əmələ gətirir. Xeyirli xüsusiyyətlərinin daha çox hiss olunması üçün qarpızı, əsasən, acqarına yemək məsləhətdir. Ona görə də onu yeməkdən ya çox əvvəl, ya da çox sonra qəbul etmək lazımdır.
– Ekoloji cəhətdən saf, orqanizm üçün faydalı qarpız seçmək üçün nələri bilmək lazımdır?
– Bunun üçün bizim məsləhətlərimizdən istifadə edə bilərsiniz:
-qarpızı iyunda-iyulda yox, avqust-sen­tyabr aylarında almaq lazımdır;
-yaxşı qarpız gün şüalarının altında parıldayır;
-qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilər;
-qarpız alanda heç bir halda onu kəsdirməyin;
-qarpızın “quyruğu” sarı və bir qədər qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. “Quyruğu” olmayan qarpız almayın;
-qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə çox yekə olarsa, deməli, bu qarpıza gün şüaları çatmayıb və bunun dadı da yaxşı olmayacaqdır;
-qarpızı seçəndə orta ölçüyə (5-7 kiloqram) üstünlük verin;
-qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq;
-qarpızı yeməkdən əvvəl yaxşı yumaq, qaynanmış su ilə yaxalamaq lazımdır.
Nuş olsun!

Hüseyn Əsgərov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR