Bütün dövrlərdə həmişə bir fikir insanları daim düşündürmüşdür: yaşamaq və yaşatmaq. İnsanın bu istəyi zamana hakim kəsilmişdir. Elə buna görə böyüklü-kiçikli ixtiraların anası olmuşdur Adəm övladı. Daş balta da, atomun parçalanması da, lazer şüaları da insan övladının minillik axtarışlarının, zəhmətinin, müşahidə və mühakimələrinin, bütöv halda isə sağlam olmaq və uzun ömür yaşamaq istəyinin bəhrəsidir.
Dünənimizin reallıqları
Ötən əsrin 60-cı illərində muxtar respublikamızda insanlara göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək məqsədilə bir neçə həkim Bakıdan ictimai təşkilatların nümayəndə heyəti ilə birlikdə Şahbuz rayonunda reydlərdə olmuşdur. Həkim Tarverdi Əsgərov reydin nəticəsi ilə bağlı dərc etdirdiyi məqalədə yazırdı:
– O dövrdə zəhmətkeşlərə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün muxtar respublikanın ucqar rayonlarından biri olan Şahbuza xoş əhval-ruhiyyə ilə getmişdik. Bir rayon sakini ilə söhbətimiz zamanı məqsədimizi bildirəndən sonra yarızarafat, yarıgerçək deyilənləri eşidəndə bir qədər təəccübləndim. Çünki həmsöhbətim ironiya qarışıq bir tərzdə bildirdi ki, burada xəstələri arxasınca gəldiyiniz səhiyyə xidməti, həkimlər, tibb işçiləri yox, təbiətimizin özü müalicə edir. Ona görə də olmayan bir xidmətin səviyyəsini yoxlamaq üçün özünüzü çox da əziyyətə salmayın.
Doğrudan da, rayonun havasında, suyunda adama xoş təsir göstərən bir möcüzə vardı sanki. Bizi rayon Mərkəzi Xəstəxanasının baş həkiminin köməkçisi müşayiət edirdi. Elə yoxlamaya da rayon Mərkəzi Xəstəxanasından başladıq. Ancaq, təqribən, özümüz də bilirdik ki, “əla”, “yaxşı” olanlarla qarşılaşmayacağıq. Bəlkə, nəsə “kafi” olanlar bizi razı sala bildi, – deyə işə başladıq. Rayon mərkəzindəki xəstəxananın binasına daxil olarkən burada elə bir səliqə-sahman olmadığını gördük. Nəzərəçarpacaq qayda-qanunun yoxluğu da ilk andaca hiss olunurdu. Hər yerdə sınıq-salxaq qapı-pəncərələrin, döşəmə və tavanın, stol və stulların “təmir”dən sonrakı “gözəlliyi” “göz oxşayırdı”. Xəstəlik tarixçələri ilə tanış olmaq istədik. Tapılmadı. Kabinetlərin çoxu işləmirdi. Tibb bacıları xəstələrə, əsasən, ağrıkəsici dərmanlarla yardım etdiklərini bildirirdilər ki, bunun da elə xəstəxanada olarkən özümüz şahidi olduq...
Kəndlərdəki tibb məntəqələrinin, həkim ambulatoriyalarının yerini-yatağını tapmaq, onların hansı tibbi xidmətlə məşğul olduqlarını da müəyyənləşdirmək o qədər də asan olmadı. Çünki kəndlərdəki səhiyyə müəssisələrinin yerlərini bizimlə olan həkimlərin doğru-dürüst bilmədikləri hiss olunurdu. Onlar da sanki bizim kimi ilk dəfə burada olduqlarından kimin müdir, kimin işçi olduğundan xəbərsiz idilər. Kəndlərdə ən dar ayaqda xəstələrin köməyinə çatacaq bu tibb məntəqələri yöndəmsiz daxma və zirzəmilərdə yerləşdirildiyindən burada əhaliyə göstərilən tibbi xidmətdən söhbət gedə bilməzdi. Bəzi kəndlərdə isə adı olub, özü olmayan tibb məntəqələrinin işçiləri ilə rastlaşmaq da bizə nəsib olmurdu. Elə buna görə də rayonun ən böyük kəndlərindən birinə günün günorta çağında çatmağa çalışdıq ki, bəlkə, buradakı məntəqədə bir tibb işçisi ilə rastlaşıb ürəyimizdə qalan sualların cavabını ala bilək. Tibb məntəqəsinə çatarkən burada bir neçə kənd sakininin söhbətləşdiyinin şahidi olduq. Həkim yolu gözləyən xəstələrdən biri yorğana bürünüb bir küncdə oturaraq narazı halda deyinirdi.
– Salam, ay əmi, necəsən?
– Neynirsən, həkimsən? – deyə acığını bizdən çıxan xəstə sözünə davam etdi:
– Heç lazım olan gəlib çıxmır ki, bir dava-dərman eləsin. Ağrıdan ölürəm. Necə olaram səncə? – deyə acıqla cavab verdi.
Ağsaqqalın baxışlarından anladım ki, o, bizi yoldan ötən sayır.
– Bakıdan gəlmişik ki, öyrənək görək, sizə burada necə tibbi xidmət göstərilir?
– Nə, xidmət? Ay oğul, başına dönüm, həkimi tapırıq ki, onun xidmətini də görək. Sən nədən danışırsan?
Doğru sözə nə deyəsən...
Biz rayon mərkəzindəki uşaq xəstəxanasına da baş çəkdik. Rayon Mərkəzi Xəstəxanasında gördüklərimiz kimi künc-bucaqlar natəmiz, çarpayı və şkaflar sınıq-salxaq idi. Kəskin iy və üfunət adamı hövsələdən çıxarırdı. Tibbi avadanlıqların çatışmaması və ya istismara yararsızlığı, əmək intizamının olmaması da göz önündə idi. Buranın xəstəxana olmasına adamın inanmağı belə, gəlmirdi.
Qadın məsləhətxanalarının və feldşer-mama məntəqələrinin fəaliyyəti haqqında isə danışmaq lüzumsuz idi. Burada uşaqların doğum və ölüm aktlarının qeydiyyatının başdansovdu aparıldığı bizə təqdim olunan sənədlərdən açıq-aydın görünürdü.
Şahbuzla yanaşı, həmin vaxt muxtar respublikanın başqa rayonlarında da səhiyyə xidmətinin vəziyyəti ilə tanış olduq. Ümumi mənzərə eyni idi.
Hər yerdə olduğu kimi, görünür, muxtar respublikada da hər il təmirinə külli miqdarda pul xərclənən xəstəxanalarda, səhiyyə ocaqlarında vəziyyət heç bir formada dəyişmirdi. Darısqal, yöndəmsiz xəstəxana binaları şəhər, qəsəbə və kəndlərin künc-bucağında, gözdən, könüldəniraq yerlərində tikildiyindən elə səhiyyə xidməti də yarıtmaz vəziyyətdə qalırdı.
Uzun illər öncə oxuduğum bu fikirləri beynimdə ardıcıllıqla nizama düzməyə çalışdıqca regionumuzda bugünkü səhiyyənin inkişafını nəzərlərimdə canlandırırdım. Bu inkişafın bəzi məqamları barədə bir qədər sonra söhbət açacağam. Bugünkü inkişafımızın əsasını hələ ötən əsrin 70-ci illərində qoyan ulu öndər Heydər Əliyev o vaxt muxtar respublikamızda səhiyyənin inkişafı məqsədilə də mühüm tədbirlər həyata keçirmişdir. Muxtar respublikada səhiyyə müəssisələri üçün yeni binaların tikintisinə ciddi diqqət yetirən ulu öndər Heydər Əliyevin qayğısı ilə bir çox tibb müəssisələri istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki muxtar respublika xəstəxanası, mərkəzi uşaq xəstəxanası və digər səhiyyə ocaqları o dövrün yadigarlarıdır. Ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərliyi dövründə əsası ötən əsrin 70-80-ci illərində qoyulan quruculuq siyasətini, yenidənqurmanı davam etdirmişdir. Əldə olunanlar göz önündədir. Yazımın əvvəlində ötən əsrin 70-ci illərinə qədər regionumuzda səhiyyə sahəsinin hansı vəziyyətdə olduğunu buraya gələn həkimin təəssüratları əsasında canlandırmağa çalışdım. Son illər muxtar respublikamıza qonşu ölkələrdən gələn həkimlərdən biri olan Türkiyənin Ərzurum Şəfa Xəstəxanasının həkimi Volkan Yurtmanın dediklərindən:
– Bu gün Naxçıvanda dünyanın ən inkişaf etmiş ölkələrindəki kimi müasir xəstəxanalar, səhiyyə ocaqları, diaqnostika mərkəzləri fəaliyyət göstərir ki, onların da hər biri ən yeni elmi-texniki ixtiraların bəhrəsi olan tibbi avadanlıqlarla təchiz olunmuşdur. Bu isə dərman və dərdlə dolu indiki dünyamızda burada həkimlərin öz vəzifələrini layiqincə yerinə yetirməsinə imkan verir.
Həkimliyin aliliyinə, müqəddəsliyinə nə qədər xoş söz deyilsə də, yenə azdır. Hippokrat “Aforizmlər” əsərində yazmışdır: “...Həyat qısadır, həkimlik sənətininsə yolu uzundur. İnsana bu yolu qət etməyə ömür kifayət etmir. Buna görə təbabət elminə nəsillərin sənəti deyilir”. Hər bir sənət adamının dilinin lüğət tərkibi vardır. Əgər ədəbiyyatşünaslar, dilçilər, qəzet və jurnal əməkdaşları bir sözün yerini səhv salsalar, sonradan bu səhvi düzəldə bilərlər. Həkimlərin səhvi isə insanın həyatı hesabına başa gəlir. Ona görə də ağ xalat geyinən hər bir həkim xəstəsinin gözlərində ümid çırağı yandırmağı bacarmalıdır. Bu gün muxtar respublikamızda səhiyyənin ən yüksək həddə inkişafı üçün göstərilən dövlət qayğısı müqabilində həkimlər müqəddəs borclarını unutmamalıdırlar. Buna onların mənəvi haqqı yoxdur. Çünki yazımın əvvəlində ötən əsrin 70-ci illərinə qədər regionumuzda tibbi xidmətin hansı səviyyədə olduğunu və həkimlərin hansı şəraitdə fəaliyyət göstərdiklərini sözün gücü ilə qısaca da olsa, açmağa çalışdım.
Bu günün reallıqları
Ötən 20 ildə bu sahədə görülən işlər barədə muxtar respublika Səhiyyə Nazirliyinin əməkdaşı Hüseyn Əsgərovun fikirlərini olduğu kimi oxucularımıza təqdim etmək istəyirəm:
– Son 20 ildə muxtar respublikada 244 səhiyyə ocağı tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 27 may tarixli Sərəncamı ilə muxtar respublikanın dövlət səhiyyə müəssisələrində bütün növ pullu xidmətlər ləğv edilmişdir. Bu gün səhiyyə müəssisələrindəki kompüter tomoqraf, nüvə maqnit rezonans, mammoqrafiya, qastroskopiya, kolonoskopiya aparatları müayinə və müalicənin düzgün və səmərəli təşkilinə mühüm fayda verir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əməliyyat blokunun ən müasir tibbi avadanlıqlarla təchizatı, yüksəkixtisaslı tibbi kadrların yetişməsi artıq bir sıra mürəkkəb əməliyyatların yerli mütəxəssislər tərəfindən uğurla icra olunmasına şərait yaradır.
Yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunaraq aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinin təşkili artıq ənənə halını almışdır. Bu cür humanitar aksiyalar muxtar respublikanın rayonlarında da həyata keçirilmişdir. Mürəkkəb cərrahi əməliyyatlarda yerli həkimlərin iştirakı isə onların peşə və bacarıqlarının artırılmasına stimul verir. Belə tədbirlərin məntiqi nəticəsidir ki, artıq muxtar respublikanın yerli həkim kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, ürək damarlarına stent qoyulması, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Hazırda Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrində 734 həkim, 2 mindən çox orta tibb işçisi çalışır. Orta hesabla bu gün muxtar respublikada hər 10 min nəfərə 7 həkim, 48 orta tibb işçisi düşür. Tibb işçilərinin ixtisas səviyyəsinin artırılması məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Təkcə ötən il 17 həkim və 3 orta tibb işçisi Türkiyə Respublikasının müxtəlif universitet və xəstəxanalarına, 2 həkim Almaniyaya, 1 həkim Avstriyaya, 12 həkim və 1 orta tibb işçisi Bakı şəhərinə göndərilmişdir.
Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytı yaradılmış və elektron hökumət portalına qoşulmuşdur. İnternet səhifəsi vasitəsilə müxtəlif elektron xidmətlər göstərilir, nazirliyin ünvanına göndərilən onlayn müraciətlər və sorğular operativ cavablandırılır. Səhiyyə infrastrukturunun yeniləşdirilməsi istiqamətində görülən işlər sayəsində əhalinin hər bir təbəqəsinə tibbi xidmətdən istifadə imkanları yaradılıb.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yeni – XXI əsri simvolizə edən quruculuq, yenidənqurma işləri ilə yanaşı, səhiyyədə yeniləşməyə diqqətin artırılması sayəsində qazanılan uğurlar Hüseyn Əsgərovun fikirlərində öz əksini tapır. Sözsüz ki, son illərdə tibb ocaqlarında lazımi şəraitin yaradılması, müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchizat hər bir vətəndaşa öz sağlamlığını qorumaq imkanı yaradır.
Yazının əvvəlində ötən əsrin 70-ci illərinə kimi və son 20 ildə muxtar respublikamızda səhiyyənin vəziyyəti barədə iki insanın fikirlərini sözün gücü ilə oxucularımıza çatdırmaq istədim. Məqsədim isə ötən 20 ildə blokada şəraitində yaşayan regionumuzda səhiyyənin necə möhtəşəm bir inkişaf yolu keçməsini canlandırmaq idi. Buna nə qədər nail oldum, onu oxucularımız deyə bilərlər.
Atalarımız demişkən, “yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Bu sahədə qazanılan uğurların şahidi kimi 20 illik inkişafı təhlil etməyə də lüzum yoxdur. Nahaq deyilməyib ki, xəstə insanın bir, sağlam insanınsa minbir arzusu olar. Kaş ki hər kəs ömrü boyu minbir arzu ilə yaşayıb dövlətinə, millətinə və övladlarının xoşbəxt gələcəyinə öz payını verə bilsin. Bir də dahilərdən birinin fikri ilə yazımı yekunlaşdırmaq istəyirəm: “Peşə ona vurulanları xoşbəxt, əksinə, tələm-tələsik ona qurşananları isə bədbəxt edə bilər”. Çalışaq ki, peşəmizin vurğunu olduğumuz işimizlə sübut olunsun.
Şəhla NƏBİYEVA