Naxçıvan Muxtar Respublikasında səhiyyə infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına böyük diqqət göstərilir. Səhiyyə quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin mühüm bir hissəsini də yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud olanların əsaslı şəkildə yenidən qurulması təşkil edir. Muxtar respublikanın ən böyük tibb müəssisəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanası binasının əsaslı şəkildə yenidən qurulması da məhz insan sağlamlığının qorunmasına xidmət edən mühüm tədbirlərdən biridir.
Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılacaq. Dövlət başçısının 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9 milyon manat vəsait ayrılıb.
Binada “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları xeyli iş görüblər. Belə ki, ilkin mərhələdə binanın təməl hissəsinin daha da möhkəmləndirilməsi məqsədilə ətraf xüsusi beton örtüyü ilə əhatələnib, zirzəmidə üçmərhələli izolyasiya işləri aparılıb. Zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan binada su, elektrik, istilik xətlərinin çəkilişi başa çatdırılıb, dam örtüyü vurulub, pəncərələr salınıb. Binanın ilk 3 mərtəbəsinin fasadı üzlük daşla üzlənib.
Qeyd edək ki, xəstəxanada 109 palata yerləşəcək, çarpazşəkilli dördkorpuslu binanın hər korpusunda yük və sərnişin liftləri olmaqla, 10 lift fəaliyyət göstərəcək. Binanın giriş hissəsinin oval şəbəkəbənd formasında olması isə bu səhiyyə ocağına gələnlərə asanlıqla bir korpusdan digərinə keçmək imkanı yaradacaq. Bundan əlavə, yeni layihəyə əsasən, binanın zirzəmi hissəsində masaj salonu, hovuz, duş kabinələri, morq, həkim və tibb bacıları üçün otaqlar, xidməti yerlər yaradılacaq. Birinci mərtəbə stomatoloji kabinələr, təcili yardım, palatalar, fizioterapiya, ot vannası və Naftalan nefti ilə müalicə kabinələri, rentgen, əməliyyat otaqları üçün nəzərdə tutulub. Qalan mərtəbələr isə xəstəxananın şöbə və bölmələri, həkim və tibb bacıları, palatalar və digər müayinə və müalicə otaqları, laboratoriyalar, istirahət guşələri üçün ayrılıb. Binanın sonuncu mərtəbəsində geniş akt zalı, kafe və tibb təhsili alan tələbələr üçün siniflər yerləşəcək. Xəstəxana binası istifadəyə verildikdən sonra 50 metr kənarda yeni köməkçi bina da fəaliyyət göstərəcək ki, bu ikimərtəbəli binada da qazanxana, camaşırxana, elektrik və təsərrüfat otaqları, bufet və sair yerləşəcəkdir.
Xəbərlər şöbəsi