22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iclas keçirilib.
İclasda tibb müəssisələrindəki həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. Birgə iclasda Səhiyyə naziri Niyazi Novruzov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkə­də həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirərək bu sahədə görülən işlərdən danışıblar.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev ötən yarımildə rayonlar üzrə tibbi-sosial ekspert komissiyasına göndərilən müraciətlər, ekspertizadan keçən xəstələr, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyəti, tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyəti barədə çıxış edib.
Tədbirdə bildirilib ki, hazırda əlilliyin təyin olunması meyarları müvafiq hüquqi baza ilə müəyyənləşdirilir və əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Xəstə müvafiq səhiyyə müəssisələrinin həkim-məsləhət komissiyasına müraciət edir və həmin komissiya tərəfindən xəstəyə müvafiq formada göndəriş verildiyi halda, o, ərazi tibbi-sosial ekspert komissiyasına göndərilir. Burada ətraflı müayinə olunur və ona vəziyyətə uyğun olaraq əlillik dərəcəsi (I, II, III) müəyyən edilməklə əmək zəmanəti verilir. Əmək zəmanəti verilərkən isə vətəndaşın əmək qabiliyyətli olub-olmamasına dair məlumatlar (işi, ixtisası, peşəsi) nəzərə alınır. Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində tibbi-sosial ekspert komissiyasına göndərişlərin sayı ilbəil azalır. Məsələn, 2015-ci ilin ilk yarısında səhiyyə müəssisələri tərəfindən əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 nəfər azalıb.
Tədbirdə həkim-məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi, hiperdiaqnostika, əsaslandırılmamış göndərişlərin yazılmasına yol verilməməsi, imtiyazlı əlillərin nəqliyyat vasitələri ilə təmin olunmasında tam şəffaflığın yaradılması barədə müvafiq tapşırıqlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR