Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə sertifikasiya imtahanlarını davam etdirir. Bu işə 2011-ci ilin sentyabr ayından başlanmış və təkcə ötən yarımildə 38 həkim, 266 orta tibb işçisi növbəti beş il üçün sertifikat almışdır.
Müxtəlif ixtisaslar üzrə keçirilən imtahanlarda terapiya, mamalıq-ginekologiya, ümumi cərrahiyyə, pediatriya ixtisas sahibləri üstünlük təşkil edirlər.
Sertifikasiya imtahanının növbəti müsahibə mərhələsində Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası ilə yanaşı, Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin, Ordubad rayonunun Dəstə kənd həkim ambulatoriyasının və Naxçıvan şəhərinin Qaraxanbəyli kənd feldşer-mama məntəqəsinin tibb bacıları öz biliklərini sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda tibb bacılarına öz ixtisaslarına aid nəzəri, habelə onların bilik səviyyəsini və peşə vərdişini müəyyən edən praktik suallar verilmişdir.
Müsahibələr açıq, hər bir orta tibb işçisi ilə fərdi qaydada 30 dəqiqə müddətində aparılmışdır. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilmişdir.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında nəticələri elan etmişlər. İmtahanda iştirak etmiş 77 nəfərdən 69-u sertifikasiya imtahanını uğurla başa vurmuş, 8 nəfər isə zəruri həddi keçə bilməmişdir. Zəruri həddi keçə bilməyənlər 6 ay ərzində təkmilləşdirmə kursu keçərək yenidən öz bilik və bacarıqlarını sınamalı olacaqlar.
Xatırladaq ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün səhiyyə müəssisələrində çalışan, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilli, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya imtahanları Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti