Yay mövsümünü Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildə xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlara getməsi, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi təmin olunmuşdur. Obalarda yaşayan sakinlərin zəruri dərman həbləri, sarğı materialları ilə təminatı, səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb çalmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi də diqqətdə saxlanılan məsələlərdəndir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari ilin iş planına uyğun olaraq, həkim briqadaları yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidmətinə start vermişdir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarlara baş çəkmişdir. Hazırda təkcə Genyurd yaylağında 6 oba məskən salıb. Onların öhdəsində 6 minə yaxın baş mal-qara, qoyun-quzu var. Çadırlarda fermer və çobanlarla yanaşı, onların 24 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunmuş, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılmış, ilkin tibbi yardım üçün dərmanlar paylanmışdır.
Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə Qanlıgöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandar və arıçıları profilaktik tibbi müayinələrdən keçirmişdir. Yaylaqda arana nisbətən havaların sərin keçməsi obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunmuş, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilmişdir.
Briqadanın fəaliyyəti zamanı mövsümi xəstəliklər, ilan-əqrəb çalmaları və ilkin tibbi xidmətin təşkili barədə səhiyyə maarifi işi aparılmışdır.
Babək rayonunun Qahab kəndindən gələrək öz ailəsi ilə burada müvəqqəti məskunlaşan fermer Bəxtiyar Zamanov onlara göstərilən tibbi xidmət üçün heyvandarlar və arıçılar adından minnətdarlığını bildirmişdir.
Culfa Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə ucqar dağ kəndi Ləkətağda olmuşdur. Dəmirli yaylağında məskunlaşan heyvandarların əksəriyyəti rayonun Bənəniyar kəndindən gələrək mövsümü burada keçirir. Heyvandarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində son illər kənddə davarların sayı 10 min 172 başa çatıb. Qoyun sürülərinin xeyli hissəsi bir ay əvvəl Dəmirli və Kola yaylaqlarına qaldırılıb. Həkim briqadası heyvandarları tibbi müayinələrlə əhatə etmiş, dezinfeksiya tədbirləri həyata keçirmiş, sanitar maarifi işi aparmışdır.
Şərur Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə rayonun Tənənəm yaylağında heyvandarlara baş çəkmişdir.
Müayinələr mövsüm boyu davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti