Cari ildən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinə ixtisas dərəcələrinin verilməsinə başlanacaqdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ixtisas komissiyası yaradılmışdır.
Büdcədən maliyyələşdirilən səhiyyə müəssisələrində tibbi xidmət sahəsində yüksək iş təcrübəsi ilə fərqlənən həkim və orta tibb heyəti vəzifələrində çalışan səhiyyə işçilərinə ixtisas dərəcələrinin verilməsi qaydaları müəyyən edilmişdir. Həmin qaydalara görə, tibbi xidmət sahələrində yüksək iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçilərinə ali, birinci və ikinci ixtisas dərəcəsi verilir. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyasının nəticələrinə uyğun olaraq müəyyən edilir.
İxtisas dərəcələrinin verilməsinə qoyulan tələblərə əsasən, səhiyyə müəssisələrində çalışan və ixtisası üzrə əmək stajı beş ildən az olmayan ali və orta təhsilli tibb işçiləri ardıcıllıqla (ikinci, birinci, ali) ixtisas dərəcəsini almaq hüququna malikdirlər.
İxtisas komissiyasının üzvləri tərəfindən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiyadan keçən tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi məqsədilə səhiyyə mütəxəssisinin beş il ərzində ixtisası üzrə fəaliyyəti barədə hesabatı ilə tanış olaraq onların ixtisasına aid praktik bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir. Tibb işçilərinə ixtisas dərəcələrinin verilməsi barədə ixtisas komissiyası tərəfindən rəy hazırlanarkən onların mövcud ixtisas dərəcəsinin təsdiq və ya dəyişdirilməsi barədə nazirlik qarşısında vəsatət qaldırılır.
İxtisas dərəcələrinin verilməsi aşağıda qeyd olunan meyarlara əsasən müəyyən edilir:
-II dərəcə: ixtisas üzrə 5 il stajı olan, tutduğu vəzifədə ixtisası üzrə sərbəst fəaliyyət göstərən, mütəxəssis kimi iş yerində müsbət xarakterizə olunan;
-I dərəcə: ixtisas üzrə 10 ildən artıq stajı olan, ixtisası üzrə sərbəst fəaliyyət göstərən, ixtisasına aid müxtəlif tədbirlərdə iştirak edən, mütəxəssis kimi iş yerində müsbət xarakterizə olunan;
-ali dərəcə: ixtisas üzrə 15 ildən artıq stajı olan, ixtisasına uyğun yüksək ixtisaslaşdırılmış tibbi xidmət göstərməyə bacarığı olan, elmi-praktik konfranslarda iştirak edən, mütəxəssis kimi iş yerində müsbət xarakterizə olunan.
İxtisas komissiyası tərəfindən namizədin tibb üzrə fəlsəfə doktoru və ya tibb elmləri doktoru elmi dərəcəsinin olması, rezidenturanı bitirməsi, elmi məqalələrin dərc edilməsi nəzərə alınır.
İxtisas komissiyası tərəfindən verilən rəy müvafiq formada hazırlanır və komissiyanın sədri, katibi, üzvləri tərəfindən imzalanır və təsdiq üçün nazirliyə təqdim olunur. Nazirliyin əmri ilə bir həftə ərzində tibb işçisinə müvafiq formada ixtisas dərəcəsi barədə beş il müddətinə şəhadətnamə verilir.
İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:
-ali ixtisas dərəcəsinə görə – vəzifə maaşının 25 faizi miqdarında;
-birinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 15 faizi miqdarında;
-ikinci ixtisas dərəcəsinə görə – vəzifə maaşının 10 faizi miqdarında.
İxtisas dərəcəsinə görə əlavə haqq ixtisas dərəcəsinin hansı ixtisasa görə verilməsindən asılı olmayaraq, ixtisas dərəcəsinin qüvvədə olduğu müddətdə (sonuncu ay tam nəzərə alınmaqla) bu dərəcənin alındığı növbəti aydan başlayaraq ödənilir. İş yerini dəyişən tibb işçisinin ixtisas dərəcəsi saxlanılır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti