22 Dekabr 2024, Bazar

İnsanlarda minilliklərboyu ilanlardan qorxu hissi mövcuddur və bu, əsassız deyil. Dünyada hər il 5 milyona qədər insan ilan çalmasına məruz qalır, onlardan, təxminən, 100 min nəfərində bu, ciddi fəsadlara səbəb olur. Ancaq tibbi yardımın yaxşı təşkil olunması səbəbindən il ərzində yalnız 9-15 halda bu, ölümlə nəticələnir. Muxtar respublikamızda da yay aylarında ilan və əqrəblərin fəallaşması, ilan çalması, əqrəb sancması nəticəsində baş verən zəhərlənmələrə təsadüf edilir. Bu sahədə əhalinin maarifləndirilməsi zərurətini nəzərə alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Fəxriyyə Məmmədova ilə həmsöhbət olduq:

– Fəxriyyə həkim, ilan çalması, əqrəb sancmasına, əsasən, hansı yerlərdə rast gəlinir?
– İlan çalma, əqrəb sancmalar hər yerdə rast gəlinən hadisələrdəndir. Lakin kənd yerlərində, xüsusən otlaq, zəmi, qamışlıq, bataqlıq, şoranlıq, meşə, çöllük, daş karxanası və digər sahələrdə belə hallara daha çox rast gəlinir. İlan sancması tarlada işləyərkən və ya təsadüfi ilan ayaqlanmasından baş verə bilər. Aparılan təmir-tikinti işləri zamanı ilanlarla yanaşı, əqrəblərin də üzə çıxması istisna deyil. Bütövlükdə isə belə halların çoxalması havaların isti keçməsi ilə əlaqədardır. Bu ilin ilk ilan çalması hadisəsi aprelin 17-də baş vermiş, yay mövsümü başlanandan isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına 6 nəfər ilan çalma, 9 nəfər isə əqrəb sancma ilə gətirilmiş, 2 nəfəri ambulator, digərləri isə stasionar şəraitdə müalicə olunmuş, ölüm halları baş verməmişdir.

– Zəhərli ilanlardan hansı daha çox təhlükəlidir?
– İlanlar zəhərinin təsirinə görə fərqlənirlər. Ən təsirli, ölümcül zəhərə görə kobralar öndə durur. Naxçıvanda zəhərli ilanlardan ən geniş yayılanı gürzə hesab olunur. Zəhərli ilanlar qısa, quyruqları yumru və başları üçbucaq şəklində olanlardır. Üzərlərindəki pullar daha kiçik və daha çoxdur. Çox parlaq və canlı rənglərdə olurlar. Dişləmə zamanı qan laxtalanması müddəti artır, həddindən artıq qan itkisi olur. Yanma hissi və ağrı olur. Sinir sisteminə və ürəyə təsir edir. İlan sancması zamanı kəskin ağrı, yuxululuq, hətta qıcolma baş verir. Ağrı bütün bədən boyu yayılaraq bədəni iflic edir. Sancma zamanı sonradan serum vurularkən onun növünü dəqiq bilmək üçün ilanın görünüşünü yadda saxlamaq lazımdır.
– İlan sancmasından sonra hansı əlamətlər müşahidə olunur?
– İlan sancmasında toxumaların ödemi (şişməsi) və dişlənən yerdə bərk ağrı, başağrısı, hərarətin artması, özündəngetmə halları müşahidə olunur. Zəhər orqanizmə yeridikcə zəhərlənmə əlamətləri tədricən artır.
İlanın sancdığı yerdə güclü ağrı, qızartı, göyərmə və şişkinlik, başgicəllənmə, başağrısı, nəbzin artması, təngnəfəslik, ümumi zəiflik, yuxululuq, ürəkbulanma, qusma, üşütmə baş verir, soyuq tər basır.
– Təcili yardım gələnə qədər zərərçəkənlə necə davranılmalıdır? İlan çalması, əqrəb sancması nəticəsində baş verən zəhərlənmə hallarında ilkin tibbi xidmət necə təşkil olunmalıdır?
– Zərərçəkən təcili halda ayaqları bir qədər yuxarı olmaqla uzadılmalı və tam sakitlik təmin olunmalıdır. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. Təcili yardım maşınına qədər onu xərəkdə aparmaq lazımdır. İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dəri elə sıxılmalıdır ki, oradan bir neçə damcı maye çıxsın.
Sonra yara təmiz su ilə yuyulub yod ilə dezinfeksiya edilməli və üzərinə steril sarğı qoyulmalıdır. Ətraf şişdikdə sarğını bir qədər boşaltmaq lazımdır. Sınıqlarda olduğu kimi ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır. Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır.
Zərərçəkənə çox miqdarda maye (çay, su) və ağrıkəsici dərmanlar verilməlidir. Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər. Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya təcili yardım briqadası çatdırsın. Çünki xəstəxanada zərərçəkənə xüsusi zərdab vurulacaq və ya digər müalicə üsulları tövsiyə olunacaqdır.
Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyəcanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayiət olunan şok başlaya bilər. İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və sair), bu yerdə dərini kəsmək, zərərçəkənə spirtli içkilər vermək olmaz!
– Əqrəb, arı, böcək və həşərat sancmalarına da az rast gəlmirik.
– Bəli, isti günlərdə belə hallar gündəlik həyatımızda müşahidə olunur. Əqrəb sancan adama spirt verilməməli və yara bağlanmamalıdır. Əqrəblər iqlimi quru olan ərazilərdə geniş yayılmışdır. Onlar sərin və nəm olan yerlərdə məskunlaşır. Əqrəb sancması baş vermişsə, həkim gələnə qədər yaranı yuyub üzərinə soyuq kompres qoyulmalıdır. Burada ilk şərt həkimə çatdırana qədər əqrəb sancmış nahiyəni tərpətməmək, həmçinin xəstəni hərəkət etməyə qoyma­maqdır. Digər tərəfdən, yaranın yuxarı hissəsini dəsmalla bağlamaq və yaraya dəsmala bağlanmış buz parçası qoymaq lazımdır. Belə etdikdə, buz orqanizmə zəhərin daxil olması prosesini ləngidir.
– İlan və əqrəb zəhəri əleyhinə zərdab ehtiyatının yaradılmasına yay aylarında daha çox ehtiyac yaranır. Çalışdığınız xəstəxanada bu sahədə vəziyyət necədir?
– Mövsümə uyğun olaraq, Naxçıvan Muxtar Respublika Xəstəxanasında hər il olduğu kimi, bu il də kifayət qədər ilan və əqrəb zəhəri əleyhinə zərdab ehtiyatı yaradılıb. Zərdablar təkcə muxtar respublika xəstəxanasına deyil, bütün rayon mərkəzi xəstəxanalarına, ilan və əqrəb sancmaları daha çox rast gəlinən böyük kəndlərimizin həkim ambulatoriyalarına ehtiyac olan qədər paylanılmışdır. Zərdabların monovalent, polivalent, gürzə əleyhinə növləri vardır. Biz, əsasən, polivalent zərdab növündən istifadə edirik. Zərdabların istifadə qaydasını mənimsəmək üçün əvvəlcədən bu işlə məşğul olan tibb işçilərinə seminarlar keçirilir. Bu zərdablar istifadə olunduqca, zərdab ehtiyatı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən vaxtaşırı tənzimlənir. Zərdabların istifadə müddətinə, xüsusi saxlanma şəraitinə daim nəzarət edilir. Bu iş təlimata və günün tələblərinə uyğun şəkildə aparılır.
– Ehtiyat tədbirləri barədə nə deyə bilərsiniz?
– Çox təəssüf ki, bəzən yay fəslinin ilan-əqrəb fəsadlarına qarşı ehtiyatlı olmaq əvəzinə ilanın ağına da, qarasına da lənət oxuyuruq. İlanlar adi halda insanlara hücum etməz və onları sancmağa qalxmaz. Qorxduqları halda və ya ayaqlandıqda, tutulmaq istədikdə özlərini müdafiə etmək üçün insanı sancırlar. İlanlar, adətən, insanlara qarşı ilk olaraq aqressivlik göstərmirlər. Bir çox hallarda ilan insana özünü qorumaq məqsədilə hücum edir. Odur ki, təhlükəli sahələrdə, xüsusilə gecələr ehtiyatlı olmalı, rezin materialdan hazırlanmış uzunboğaz çəkmələrdən istifadə etməli, bədənə yapışmayan köynək və şalvar geyinməliyik.

Müsahibəni apardı:
Hüseyn ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR