22 Dekabr 2024, Bazar

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Bakı şəhərindəki Endokrinoloji Mərkəzin və Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserinin birgə təşkilatçılığı ilə “Endokrinologiyanın müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Sona Məmmədova səhiyyə sisteminin inkişafından, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsindən, infra­strukturun yenidən qurulmasına dövlət qayğısından danışaraq bildirib ki, hazırda belə müəssisələrin bilikli tibbi kadrlarla təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün tanınmış xəstəxana və klinikaların iş təcrübəsindən istifadə olunur. Bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda elmi-praktik konfransların mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu işə daimi diqqət yetirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Endokrinoloji Mərkəzin və Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserin birgə “Endokrinologiyanın müasir problemləri” mövzusunda elmi-praktik konfrans keçirməsi artıq ənənə halını alıb. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər Endo­krinoloji Dispanserin həkimləri ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.

Bakı şəhərindəki Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov “II tip şəkərli diabetdə erkən insulin müalicəsinə göstərişlər”, ”Diabetik polineyropatiyalar, müalicə prinsipləri”, Bakı şəhərindəki Mərkəzi Dənizçilər Xəstəxanası Endokrinoloji şöbəsinin müdiri Nazim Rüstəmov “Şəkərli diabet II tip, pilləli müalicə prinsipləri” mövzularında məruzələrlə çıxış ediblər.
Bildirilib ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hazırda dünyada 250 milyondan çox şəkərli diabet xəstəsi var. Hər il qeydə alınan ölüm hallarının 5 faizi şəkərli diabet nəticəsində baş verir. Odur ki, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Son illər ölkəmizdə onların müalicəsi, şəkərli diabetin profilaktikası istiqamətində mühüm tədbirlər görülüb. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun, 2006-2010-cu və 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı” qəbul edilib. Hazırda bu proqram uğurla icra olunur.
Tədbirdə məlumat verilib ki, muxtar respublikamızda da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Bu aparatlar Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserində qeydiyyatda duran hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. 2011-ci ildən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin laboratoriyasında şəkərli diabet xəstələri üçün qlükozalaşmış hemoqlobinin təyininin tətbiq olunması həmin xəstələrin qanında şəkərin miqdarına daha dəqiq nəzarət etməklə diabet əleyhinə dərman preparatlarının dozasının müəyyən edilməsini daha da asanlaşdırıb. Endokrinoloji Dispanser tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə artıq dörd ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.
Muxtar respublika endokrinoloqları, terapevtləri, nevroloqları, cərrah və ginekoloqlarının iştirak etdiyi konfransda müzakirələr aparılıb, suallar cavablandırılıb, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanılıb.
Bakıdan gələn yüksəkixtisaslı həkimlər Endokrinoloji Dispanserin endokrinoloqları ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparacaq, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirəcək, onlara tibbi məsləhətlər verəcəklər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR