22 Dekabr 2024, Bazar

Ölkəmizdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər, zəhmətkeş insanların əməyi daim yüksək qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif olunurlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 12 iyun tarixli sərəncamları ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup səhiyyə işçisi təltif edilib. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə işçiləri də vardır. Həmin səhiyyə işçilərinin bir neçəsini redaksiyamıza dəvət edib sevinclərini bölüşdük.

Şəfəq TARVERDİYEVA – Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının şöbə müdiri: – Uşaq yaşlarından həkim olmaq arzusu ilə yaşamışam. Ali tibb təhsili aldıqdan sonra təyinatla Şahbuz Rayon Mərkəzi Xəstəxanasında işə başladım. 1981-ci ildən Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında çalışıram. Həkimlik çox şərəfli, məsuliyyətli olmaqla yanaşı, həm də çox həssas bir peşədir. Qeyd edim ki, həkim bir xəstəni müalicə edib onu həyata qaytarırsa çox sevinir. Poliklinika həkiminin vəzifə borcu isə tamam başqadır. O işlədiyi ərazidə yaşayan bütün insanları – azyaşlılardan tutmuş bütün ailə üzvlərini tanımalı, onların sağlamlıq problemlərini bilməli, bu problemləri həll etməli və gələcəkdə onların daha sağlam yaşamaları üçün yol göstərməlidir. Mən də işlədiyim 35 il ərzində çalışmışam ki, diqqətim həkimə ehtiyacı olan insanların üzərində olsun. Üç il bundan əvvəl Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası yeni, müasir tibbi avadanlıqlarla təchiz edilmiş binaya köçdükdən sonra biz həkimlərin tibbi profilaktika, diaqnostika və müalicə sarıdan işi daha da yüngülləşdi.
“Tərəqqi” medalı ilə təltif edilməyimə gəlincə, eşidəndə sevincimin həddi-hüdudu olmadı. Həm sevindim, həm də qürur hissi keçirdim. Müasir tibb avadanlıqları ilə təmin olunmuş səhiyyə müəssisələri olan Naxçıvanda tibb işçisi kimi çalışmaq qürurvericidir. Mənə göstərilən bu etimadı doğrultmaq və insanların daha da sağlam yaşamalarına kömək etmək üçün var-qüvvəmi bundan sonra da əsirgəməyəcəyəm.

Fərrux BAYRAMOV – Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin Reanimasiya şöbəsinin müdiri: – Əvvəlcə onu qeyd edim ki, səhiyyənin inkişafı kardioloji xidmət sahəsində də özünü göstərir. Belə ki, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi üçün müasir avadanlıqlarla təchiz olunmuş yeni bina istifadəyə verilib. Burada əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Peşə bayramımız günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mənə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adının verilməsinə ürəkdən sevindim. Mənim əməyimə, yerinə yetirdiyim vəzifə borcuna belə yüksək səviyyədə qiymət verildiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımı bildirirəm. Söz verirəm ki, bundan sonra da öz üzərimdə daim çalışacaq, insanların sağlamlığının qorunmasına xidmət edəcəyəm.
Hafizə RZAYEVA – Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya bölməsinin müdiri: – Səhiyyə ilə bağlı mühüm dövlət pro­qramlarının qəbul edilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, insanların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələri üçün yeni binalar tikilir, mövcud binalar təmir və bərpa edilir, tibb ocaqları ən müasir avadanlıqlarla, vətəndaşlar pulsuz dərman vasitələri və preparatlarla təmin olunur. Səhiyyənin inkişafı ilə bağlı muxtar respublikamızda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bacarıqlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasından tutmuş səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının diyarımıza gətirilməsinə qədər görülən işlər səhiyyənin inkişafının əsas göstəriciləridir. Dövlətimizin səhiyyə sahəsinə bu qayğısı bir həkim kimi məni çox sevindirir. “Tərəqqi” medalı ilə təltif olunmağım isə sevincimi daha artırdı. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Dövlətimizin göstərdiyi bu etimadı doğruldacağımıza söz verir və bizə göstərilən qayğıya görə minnətdarlığımızı bildiririk.
Zəhra QƏNBƏROVA – Şərur Rayon Mərkəzi Xəstəxanasının Uşaq xəstəlikləri şöbəsinin tibb bacısı: – 1994-cü ildən Şərur Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərirəm. Bu illər ərzində insanlara nümunəvi tibbi xidmət göstərməyə çalışmışam. Təbii ki, kiçik əməyimin dövlətimiz tərəfindən belə yüksək qiymətləndirilməsi, “Azərbaycan Respublikasının Əməkdar tibb işçisi” fəxri adına layiq görülməyim mənim üçün böyük xoşbəxtlikdir. Biz tibb işçiləri sevinirik ki, belə müasir şəraitə malik səhiyyə ocaqlarında fəaliyyət göstəririk. Əvvəllər səhiyyə ocaqlarımız acınacaqlı vəziyyətdə idi. Artıq o illər arxada qalıb. Bu gün Naxçıvanda müasir səhiyyə sistemi yaradılıb. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində regionumuzda yeni səhiyyə ocaqları tikilməkdə, müasir dövrün tələbinə cavab verməsi üçün təmirə ehtiyacı olanlar əsaslı surətdə yenidən qurulmaqda və bu səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz olunmaqdadır. Fəaliyyət göstərdiyim Şərur Rayon Mərkəzi Xəstəxanasının binası son illərin ərməğanlarındandır. Səhiyyə sahəsinin inkişafı tibb işçilərinin səylə çalışmalarına stimul verir. Çəkilən zəhmət isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR