Muxtar respublikamızda bu virusa qarşı mübarizə tədbirləri gücləndirilir
Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. 1988-ci ildən keçirilən bu günün məqsədi dünya ictimaiyyətinin diqqətini problemin həllinə cəlb etməkdir.
Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS-SPİD) eyniadlı virus – insanın immun çatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstəliklərdəndir. QİÇS artıq pandemiya şəklini almış, bütün ölkələrə və qitələrə yayılmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2010-cu ildə Yer kürəsində QİÇS-ə qarşı mübarizədə mühüm elmi uğurlar əldə edilməsinə baxmayaraq, hər il dünyada 2 milyon insan bu xəstəlikdən vəfat edir, 2,7 milyon insan insanın immun çatışmazlığı virusuna yoluxur. 400 min körpə isə bu virusun daşıyıcısı kimi dünyaya göz açır.
İnsanın immun çatışmazlığı virusu infeksiyasının durmadan yayılmasına səbəb onun illərlə, demək olar ki, simptomsuz şəkildə davam edən gizli dövrə malik olmasıdır. Xəstəliyin inkubasyon dövrü aylar və ya illər çəkdiyindən bu viruslara lentiviruslar adı verilmişdir. QİÇS virusu hüceyrəyə daxil olduqdan sonra onun içərisində dağılır, hüceyrə onunla mübarizə aparmaq əvəzinə, virus hüceyrəni yeni bir tərkibdə formalaşdırır və hüceyrə
mübarizə qabiliyyətini itirir. İllərlə davam edən bu proses nəticəsində ən adi infeksiya ilə mübarizə aparan 4T herperləri məhv olur və insan cüzi bir törədici qarşısında aciz qalaraq dünyasını dəyişir. Yəni hüceyrəyə daxil olmuş virus məcbur edir ki, hüceyrə virusun ayrı-ayrı detallarını sintez edərək onları birləşdirib yeni virus yaratsın. Uzun müddət davam edən qızdırma, linfa düyünlərinin şişməsi, ümumi zəiflik, çəkinin şiddətlə azalması, aylarla davam edən öskürək, qaraciyər və dalağın böyüməsi və sair bu kimi hallar isə xəstəliyin erkən göstəriciləridir.
Xəstə şəxslərlə təsadüfi, qorunmamış əlaqələr QİÇS-ə yoluxmanın əsas səbəblərindən biridir. Yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibb alətləri, narkotik vasitələrin vena daxilinə yeridilməsi, döymə (tatuz), qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür və başqalarının gigiyenik əşyalarından istifadə edilməsi də yoluxma mənbələrindəndir. Xəstə anadan uşaqlara keçən infeksiya da yoluxmada əsas səbəblərdən hesab olunur.
Azərbaycan immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Epidemiya, əsasən, yüksək riskli qrupa aid olan infeksion narkotik istifadəçiləri arasında yayılmış, 2012-ci ilin 6 ayı ərzində Azərbaycanda immun çatışmazlığı virusuna yoluxması yeni aşkar olunan insanların sayı 251 nəfər təşkil etmişdir. Azərbaycanın insanın immun çatışmazlığı virusu – QİÇS epidemiyasına qarşı mübarizə siyasəti və strategiyası BMT-nin Baş Assambleyasının 2001, 2005 və 2006-cı illərdə keçirilən xüsusi sessiyalarında qəbul olunmuş bəyannamə və qərarlarının prinsipləri əsasında qurulmuşdur. Hazırda “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında insanın immun çatışmazlığı virusu – QİÇS-in qarşısının alınması və onunla mübarizə üzrə tədbirlər proqramı”, Qlobal Fondun 9-cu raundu çərçivəsində qrand layihəsi həyata keçirilir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzində “İnsanın immun çatışmazlığı virusu infeksiyası” diaqnozu ilə dispanser qeydiyyatına götürülən və ehtiyacı olan bütün xəstələrə insanın immun çatışmazlığı virusu – QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə və qulluq göstərilir. Müalicə nəticəsində immun sistemi bərpa olunur, xəstələnmə və ölüm hadisələri azalır.
Ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində son illər immun çatışmazlığı virusuna yoluxma səviyyəsi stabildir. Bu gün muxtar respublikamızda da yoluxma səviyyəsinin aşağı olması çox sevindirici haldır. Lakin ərazimizin 3 dövlətlə həmsərhəd olması, MDB və digər ölkələrə gediş-gəlişin artması, əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-in yayılmasına səbəb ola bilər. Ona görə də QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilməli, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilməlidirlər. Bu işdə isə 2005-ci ilin avqust ayından etibarən fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin üzərinə böyük məsuliyyət düşür. İstənilən şəxs anonim qaydada bura müraciət edib, mərkəz tərəfindən QİÇS, Hepatit B, C və digər xəstəliklərin aşkar edilməsi üçün müayinə oluna bilər.
Xəstəliyin qarşısının alınması istiqamətində həyata keçirilən maarifləndirici söhbətlərin də böyük əhəmiyyəti vardır. Miqrasiyanın artdığı bir zamanda əhalini maarifləndirmək hər şeydən vacibdir. Bu məqsədlə mərkəzin işçiləri tez-tez muxtar respublikamızda fəaliyyət göstərən ali və orta təhsil ocaqlarında olur, yeniyetmə və gənclər arasında seminarlar keçirirlər.
Xəstəliyin profilaktikasında narkotik vasitələri qəbul etməmək, tibb müəssisələrində birdəfəlik şprislərdən və steril alətlərdən istifadə etmək, qanla təmasda olan alətləri dərhal qaynatmaqla dezinfeksiya etmək, yoxlanmamış donor qanından istifadə etməmək, şübhəli əlaqələrdən çəkinmək, stomatoloqa gedərkən, ülgücdən istifadə edərkən və manikür vaxtı alətlərin sterilliyinə nəzarət etmək zəruridir.
QİÇS-dən qorxmaq yox, qorunmaq lazımdır. İrqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç bir şəxsin bu xəstəlikdən sığortalanmadığını dərk etmək lazımdır. Gənclər bu xəstəliyə yoluxanların yarısını təşkil edir. Bu da onların gələcəyini təhlükə altına alır. Ölkə üçün sosial və mənəvi problemlər yaranır. Xəstəlikdən qorunmaq üçün profilaktika ilə yanaşı, səhiyyə maarifi də gücləndirilməlidir. Bu işə nəinki səhiyyə işçiləri, bütün ziyalılar, hər bir vətəndaş qoşulmalıdır.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzində 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd edilməklə yanaşı, mübarizə aylığı da keçirilir. Mərkəz hamını bu aylıqda fəal iştirak etməyə çağırır.
“Şərq qapısı”