22 Dekabr 2024, Bazar

 Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan və risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələri işçilərinin, eləcə də obliqat qruplarının hepatit B infeksiyasına qarşı vaksinasiya olunması üçün fevralın 1-dən 28-nə kimi immunlaşdırma aylığı keçiriləcəkdir.

Bu məqsədlə hazırlıq işləri başa çatdırılıb. Rayon mərkəzi xəstəxanaları və Naxçıvan şəhərindəki tibb müəssisələrində tədbirin təşkili üçün məsul şəxslər təyin edilib. Vaksinasiyaya cəlb ediləcək tibb işçilərinin siyahıları tərtib olunub və onlardan qan götürülərək hepatit B virusuna qarşı analiz üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Rayon mərkəzi xəstəxanalarında hepatit B vaksininin vurulması üçün vaksinator da daxil olmaqla üç, Naxçıvan şəhərində yerləşən bütün tibb müəssisələrində isə dörd orta tibb işçisindən ibarət briqadalar yaradılıb və tibb işçiləri lazımi səviyyədə təlimatlandırılıb.
Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilən qan nümunələrinin hepatit B virusuna seroloji diaqnostikası aparılması, müayinənin nəticələri təsdiq edildikdən sonra hər bir tibb işçisi haqda məlumatın qan müayinələrinin göndərildiyi tibb müəssisəsinə qaytarılması təmin olunacaqdır. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bu tədbirin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə hepatit B vaksininin bölgüsünə və təlimat əsasında ərazilərə çatdırılmasına ciddi nəzarət edəcək.

Tədbirin mahiyyət və əhəmiyyətinin öyrədilməsi üçün aid tibb işçilərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində elmi-praktik seminar keçirilib. Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova bildirib ki, tibb işçilərinin bu təhlükəli infeksiyadan qorunması məqsədilə artıq böyükyaşlılar üçün 4 min dozadan çox vaksin alınıb muxtar respublikaya gətirilib. İmmunlaşma tibb işçiləri arasında 3 mərhələdə aparılacaqdır. İlk iki mərhələdən 2 ay sonra üçüncü vaksin tamam­lanacaqdır. Qrafik əsasında üç vaksini alan hər bir tibb işçisi hepatit B virusuna yoluxma riskindən tamamilə müdafiə olunacaqdır. Tibb işçiləri arasında immunlaşmanın artıq dörd ildir ki, həyata keçirildiyini xatırladan epidemioloq vaksinasiyanın səmərəliliyi üçün səhiyyə maarifinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR