22 Dekabr 2024, Bazar

Muxtar respublikada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər, zəhmətkeş insanların əməyi daim yüksək qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif olunurlar. Bu günlərdə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Əməkdar həkim” və “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər. Həmin səhiyyə işçilərinin bir neçəsini redaksiyamıza dəvət edib sevinclərini bölüşdük.

Nəzakət GÜLMƏMMƏDOVA – Nax­çıvan Doğum Mərkəzinin şöbə müdiri: – 1990-cı ildən həkimlik fəaliyyətimi Doğum Mərkəzində davam etdirirəm. O illərdə səhiyyəmiz acınacaqlı vəziyyətdə idi. Artıq o illər arxada qalıb. Bu gün Naxçıvanda müasir səhiyyə sistemi yaradılıb. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində regionumuzda yeni səhiyyə ocaqları tikilməkdə, müasir dövrün tələbinə cavab verməsi üçün təmirə ehtiyacı olanlar əsaslı surətdə yenidən qurulmaqda və bu səhiyyə ocaqları ən müasir tibbi avadanlıqlarla təchiz olunmaqdadır. Fəaliyyət göstərdiyim Doğum Mərkəzinin yeni binası 2009-cu ildə həyata vəsiqə alan müasir səhiyyə ocaqlarındandır. Səhiyyə sahəsinin inkişafı həkimlərin daha səylə çalışmalarına stimul verir. Çəkilən zəhmət isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Mən həkimlik fəaliyyətimdə ən böyük mükafatımı aldım: “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görüldüm. Bundan sonra da əhalinin sağlamlığı keşiyində dayanacaq, səhiyyənin inkişafına öz töhfələrimi verməyə çalışacağam.
Abdulla TAHİRLİ – Duzdağ Fizioterapiya Mərkəzinin tibb işçisi: – Hər birimiz Naxçıvanın ötən əsrin 90-cı illərindəki mənzərəsini yaxşı xatırlayırıq. Digər sahələr kimi, bütün səhiyyə infrastrukturu da tamamilə dağılmış, ən qiymətli sərvət olan insan sağlamlığı diqqətdən kənarda qalmışdı. İnsanlar müayinə və müalicə üçün hara üz tutacaqlarını, dərdlərinə necə əlac edəcəklərini belə bilmirdilər. O dövrdən fərqli olaraq, son 20 ildə muxtar respublikamızda həyata keçirilən çoxcəhətli sosial siyasətin əsas istiqamətlərindən birini səhiyyə sahəsində aparılan islahatlar təşkil etdi. Bu gün Naxçıvanda müasir səhiyyə sistemi qurulur, yeniləşən səhiyyə ocaqlarımız ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Dövlətimiz tərəfindən insan amilinə göstərilən diqqətin təzahürü olan bütün bu işlər biz səhiyyə işçilərini də ürəkdən sevindirir. Ümumiyyətlə, hər bir naxçıvanlı kimi, mən də blokada vəziyyətində əldə olunan böyük rifahın və intibahın fərəhini və qürurunu yaşayıram.
Bu gün həm də ona görə sevinirəm ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 yanvar 2015-ci il tarixli Sərəncamı ilə mənə də “Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi” fəxri adı verildi. Bu, sadə bir tibb işçisinin əməyinə verilmiş böyük qiymətdir. Özümə şərəf sayıram ki, həm dövlətimizin yüksək mükafatına layiq görülmüşəm, həm də bu fəxri adı qurucu rəhbərimizin sərəncamı ilə almışam. Əməyimə verilmiş olan bu böyük qiymətə görə minnətdarlığımı bildirir, söz verirəm ki, bundan sonra daha səylə çalışacaq, dövlətimizin yüksək qayğısına öz əməli işimlə cavab verəcəyəm.
Kəmalə İBRAHİMOVA – Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: – Səhiyyənin inkişafı ilə bağlı muxtar respublikamızda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bacarıqlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasından tutmuş səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının diyarımıza gətirilməsinə qədər görülən işlər səhiyyənin inkişafının əsas göstəriciləridir. Dövlətimizin səhiyyə sahəsinə bu qayğısı bir həkim kimi məni çox sevindirir. “Əməkdar həkim” fəxri adına layiq görülənlər arasında mənim də adım var. Gərək elə çalışaq ki, etimadı doğruldaq. Sərhəd bölgəsində yaşamaq və işləmək həm çətin, həm də şərəflidir. Rayonumuzun səhiyyə işçiləri əhalidən öz şəfqətlərini əsirgəmir, bir xəstənin dərdinə dərman olmaqdan qürur duyurlar. Elə Hippokrat andı içəndə də bizim qayəmiz, amalımız insanların cansağlığı keşiyində dayanmaq olmayıbmı? Dövlətimizin göstərdiyi bu etimadı doğruldacağımıza söz verir və bizə göstərilən bu qayğıya görə minnətdarlığımızı bildiririk.
Mehman ƏLİYEV – Şərur Rayon Mərkəzi Xəstəxanasının həkimi: – 45 ilə yaxındır, həkim kimi fəaliyyət göstərirəm. 20 il bundan əvvələ qayıdanda o illərin səhiyyəsindən danışmaq belə istəmirsən. İstər rayon mərkəzlərində, istərsə də kənd­lərimizdə tibbi xidmət yarıtmaz vəziyyətdə idi.
Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi bu gün həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Bütövlükdə, son 20 ildə muxtar respublikada 200-dən çox səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir. Fəxri ad almağıma gəldikdə isə həkim kimi böyük qürur hissi keçirirəm. İnsan o vaxt özünü xoşbəxt hiss edir ki, başqasına xeyir verir, vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir, ən əsası onun əməyini dövləti dəyərləndirir, qiymətləndirir. Mən də o xoşbəxt insanlardanam ki, mənə fəxri ad – “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adı verildi. Bu, mənim sadə əməyimə verilən yüksək qiymətdir.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR