Muxtar respublikamızda səhiyyənin tarixi qədim dövrlərdən başlasa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin iyirminci illərinə təsadüf edir. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış və bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Həmin dövrdən etibarən Naxçıvan səhiyyəsi inkişaf yolu keçərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.
Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra səhiyyənin inkişafının təmin edilməsi, müalicə-sağlamlıq işinin yaxşılaşdırılması məqsədilə mühüm tarixi qərarlar qəbul etmişdir. Bu dövrdə yeni tibb ocaqlarının tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və ixtisaslı həkim kadrlarının hazırlanması səhiyyə sisteminin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində də respublika xəstəxanası, doğum evi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir.
Ümummilli lider 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələr kimi, səhiyyənin də yeni inkişaf mərhələsinin əsası qoyulmuş, Azərbaycanda insanların sağlamlığının qorunması, əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri son illər dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyət amilinin artmasına imkan vermişdir.
Ölkəmizdə sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf muxtar respublika səhiyyəsini də əhatə edir. Blokadanın yaratdığı ağır şəraitdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya, Onkoloji, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Körpələr Evi, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları bu gün bölgədə ən müasir səhiyyə müəssisələrindəndir.
Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”. Bütövlükdə, son 20 ildə muxtar respublikada 233 səhiyyə obyektinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir. 2014-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Kəngərli Rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi Naxçıvan səhiyyəsinin həyatında əlamətdar hadisələrdən birinə çevrilmişdir. Ümumilikdə, ötən il ərzində 15 səhiyyə obyekti tikilmiş və ya yenidən qurulmuşdur. Belə ki, Şərur rayonunun Dizə, Babək rayonunun Qahab və Güznüt, Şahbuz rayonunun Nursu kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Diyadin, Babək rayonunun Naxışnərgiz, Ordubad rayonunun Aşağı Əylis, Culfa rayonunun Əlincə kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzinin binası əsaslı təmir olunmuş, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Püsyan, Culfa rayonunun Bənəniyar kəndlərində həkim ambulatoriyalarının, Culfa rayonunun Şurud və Şahbuz rayonunun Gömür kəndlərində feldşer-mama məntəqələrinin tikintisi və yenidən qurulması işləri başa çatdırılmışdır.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində təcili yardım, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərir. Müasir aparat və cihazların köməyi ilə müxtəlif xəstəliklərin müalicə və müayinəsini aparmaq mümkündür.Yaradılan şərait qəbul olunmuş dövlət proqramlarının da vaxtında icrasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” və 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə müvafiq tapşırığı muxtar respublikamızda da uğurla icra olunmuş, 78 min 154 uşaq icbari dispanserizasiyaya cəlb edilmiş, 273 min 555 vətəndaş tibbi müayinədən keçirilmişdir.
Muxtar respublikamızın səhiyyə müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanır. Burada yüksəkixtisaslı həkimlər tərəfindən dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıq, aparat və cihazlarla müayinə və müalicə işlərinin aparılması öz səmərəliliyini gündən-günə artırır. Kardioloji mərkəzdə quraşdırılan müasir aparatlar da xəstələrə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Artıq ən mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.
Ali Məclisin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Muxtar respublikada əhalinin sağlamlığının qorunması ilə yanaşı, onların tibbi biliklərinin artırılmasına da diqqət yetirilir, səhiyyə maarifi işi gücləndirilir. Gənc ailələrdə səhiyyə maarifi işini, hamilə qadınlara patronaj xidməti, yenidoğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların elektron sağlamlıq kartları ilə təminatı və onlardan istifadə qaydasının öyrədilməsi diqqət mərkəzində saxlanılır. Həmçinin istehsal müəssisələrində bədbəxt hadisələr zamanı ilk yardım mövzusunda seminar və praktik məşğələlər keçirilir. Son illər həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər nəticəsində muxtar respublikada ana və uşaq ölümü minimuma enmiş, əhali arasında poliomielit, difteriya və malyariya kimi təhlükəli yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Türkiyə Respublikasından və Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları ənənə halını almışdır. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olmuşdur. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq, səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulmuş, nazirliyin rəsmi internet saytının müxtəlif elektron xidmətlər üzrə fəaliyyəti təmin olunmuş və “Elektron hökumət” portalına qoşulmuşdur.
Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 237 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Həmin tibb müəssisələrində 734 həkim, 2 mindən artıq orta tibb işçisi çalışır. Tibb işçilərinin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Ötən il 3 həkim Azərbaycan Respublikasının və 3 həkim Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, 2 nəfər “Tərəqqi” medalı, orta tibb işçilərindən 3-ü Azərbaycan Respublikasının və 5-i Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi, 1 həkim və 4 orta tibb işçisi “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi bundan sonra da əhalinin sağlamlığı keşiyində dayanacaq, səhiyyənin inkişafına öz layiqli töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti