22 Dekabr 2024, Bazar

Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin hər bir təbəqəsinin keyfiyyətli tibbi xidmətlə əhatə olunması dekabr ayında da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dekabr ayının əvvəlində Şahbuz rayon Nursu kənd həkim ambulatoriyasının və Babək rayon Naxışnərgiz kənd feldşer-mama məntəqəsinin açılışı olmuşdur.

Azərbaycan Respublikası M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 22 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası tərəfindən Ordubad Rayon Mərkəzi Xəstəxanasında 2 min 238 nəfər tibbi müayinədən keçirilmiş, 58 nəfər əməliyyat olunmuşdur.

Naxçıvan Beynəlxalq Hava Limanına distant termometr kamera alınaraq quraşdırılmasına başlanmış, Naxçıvan Muxtar Respublika Xəstəxanası üçün müasir – 4D rejimli digital Dopler-USM aparatı alınaraq quraşdırılmış və istifadəyə verilmişdir.
Bir nəfər həkim 3 aylıq kurs keçməsi üçün Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetinə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, “Pediatriyanın aktual problemləri: anadangəlmə inkişaf qüsurları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Təhsil müəssisələrində şagirdlərin kütləvi profilaktik müayinəsi başa çatmış, 43 min 589 uşaq müayinədən keçmiş, 4 min 73 uşaqda xəstəlik aşkar olunaraq müvafiq tədbirlər görülmüşdür.
Ay ərzində uşaqların icbari dispanserizasiyası davam etdirilmiş, 79 min 237 uşaq müayinəyə cəlb olunmuş, xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyata götürülmüşdür. Müayinə olunanların 25 min 212 nəfərinin elektron bazada registri yaradılmışdır. Dekabr ayında orta tibb işçilərinin sertifikasiyası olmuş, imtahanda 116 nəfər iştirak etmiş, 98 nəfərin nəticəsi uğurlu olmuşdur. Ümumilikdə, orta tibb işçilərinin mart ayından başlanılmış sertifikasiyasında 471 nəfər iştirak etmiş, 333 nəfər zəruri həddi keçmişdir.
Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Məhərrəm Həsənov tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 18 nəfərdə müayinə, 7 nəfərdə əməliyyat aparılmışdır.
Dekabr ayında Naxçıvan Tibb Kollecində Naxçıvan Muxtar Respublikasının və Naxçıvan səhiyyəsinin 90 illiyinə həsr edilmiş “Veteran məzunlarla görüş” keçirilmiş, foto-stend və kitab sərgisi təşkil olunmuşdur.
Səhiyyə Nazirliyinin ötən ilin son kollegiyasında “Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyəti”, “Naxçıvan Dövlət Universiteti rezidentlərinin fəaliyyəti və Naxçıvan Tibb Kolleci tələbələrinin təcrübə dərslərinin vəziyyətinin yoxlanılması”, “Muxtariyyət ili”ndə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planının icrası”, “Naxçıvan Muxtar Respublikası səhiyyə müəssisələrinin 2014-cü il yekun hesabatlarının qəbul qaydaları və qrafiki”, “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2015-ci ilin birinci yarımilinə aid iş planının təsdiq olunması” haqqında məsələlər müzakirə olunmuş, “Muxtariyyət ili” münasibətilə səhiyyə işçilərinin bir qrupu səmərəli fəaliyyətlərinə görə nazirliyin fəxri fərmanı ilə təltif edilmişdir.
Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət proqramının icrası istiqamətində görülən işlərin davamı olaraq, dekabr ayı ərzində muxtar respublika üzrə 37 nəfər Bakı şəhər Şaqan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 42 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pan­sionatına,16 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.­

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR