22 Dekabr 2024, Bazar

Ötən il dekabr ayının son günlərində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ağır vəziyyətdə olan bir xəstə gətirildi. Kəskin miokard infarktı keçirdiyindən xəstənin ürəyində sağ koronar arteriya tamamilə tutulmuş, ürəyin dayanması müşahidə olunmuşdu. Xəstənin həyatı üçün təhlükə yarandığından stent implantasiyasına zərurət yaranmışdı. Belə mürəkkəb əməliyyatlar isə indiyədək Bakı şəhərindən gəlmiş yüksəkixtisaslı kardioloq-cərrahlar tərəfindən həyata keçirilirdi. İndi isə onları gözləməyə ehtiyac yox idi. Mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev yüksəkixtisaslı kardioloq-cərrahlarla onlarla belə xəstəni həyata qaytarmışdı. Özü isə ötən ildən müstəqil şəkildə xəstələr üzərində stent implantasiyası həyata keçirməyə başlamışdı. Odur ki, vaxt itirmədən işə başladı...

Ürək-damar xəstəlikləri arasında ən çox rast gəlinəni ürəyin işemik xəstəliyidir. Belə hallarda xəstələrin həkimə müraciəti miokard infarktı baş verdikdə olur. Yaxud xəstəlik qəflətən koronar ölümlə nəticələnir. Xəstəliyin diaqnostikasında geniş istifadə olunan invaziv kardiologiya artıq 10 ildir ki, Azəbaycanda da tətbiq edilir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində fəaliyyət göstərən, Azərbaycan Tibb Universitetinin dissertantı, kardioloq-angioqraf Nail Mehbalıyev artıq üç ilə yaxındır ki, 600-ə yaxın xəstə üzərində koronar angioqrafiya əməliyyatını uğurla icra edib. Son aylarda uzun müddət dərman müalicəsi qəbul etmələrinə baxmayaraq, infarktönü mərhələyə çatan 12 xəstəyə balon və stent implantasiyası həyata keçirib, xəstələr tam sağalma ilə evə buraxılıblar.
Xəstə üçün 90 faiz ölümlə nəticələnən ürək xəstəliyi zamanı həmin mütəxəssis ürəkdaxili kardiostimulyator yerləşdirərək xəstələrin həyatını xilas edib. Həmçinin mürəkkəb ürək qüsurlu uşaqların əməliyyatönü kateterizasiyası və ağciyər arteriyası ağzının daralması, botal axacağın açıq qalması kimi anadangəlmə ürək qüsurlarının invaziv üsulla aradan qaldırılması əməliyyatlarını uğurla həyata keçirib.
Mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev invaziv üsulla ürək boşluqları və damarların görüntülənməsi, ürək boşluqları və damarların təzyiqlərinin ölçülməsi, ürəyin atım gücü və hemodinamik göstəricilərin təyini, qapaq xəstəliklərinin dəyərləndirilməsi, şuntların təyini və şunt miqdarının hesablanması, ürək biopsiyası kimi mürəkkəb prosedurların çalışdığı mərkəzdə də həyata keçirilməsinin mümkünlüyünü bildirir.
...Bir neçə saat davam edən əməliy­yatdan sonra, nəhayət, əməliy­yat bölməsinin qapısı açıldı. Gənc həkimin üzü gülürdü. Onun sevinc dolu çöhrəsi xəstənin həyatının xilas edildiyindən xəbər verirdi. Vaxtında antiaritmik müdaxilə və təcili koronar angioqrafiya, ardınca stent implantasiyası ilə xəstənin miokard infarktı keçirməsinə səbəb olan sağ koronar arteriyanın yüz faiz tutulması tamamilə açılmışdı.
Əlbəttə, muxtar respublikamızın səhiyyə müəssisələrində aparılan genişmiqyaslı quruculuq işləri, yeni xəstəxanaların tikilərək, yenidən qurularaq istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təchiz edilməsi Nail Mehbalıyev kimi ixtisaslı gənc kadrların da yetişməsinə stimul olmuşdur. Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif­profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.
Nəticədə, yerli həkimlər tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laporaskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına nail olunub.
Artıq mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatlarının təşkili, heç şübhəsiz, onlara həm maddi, həm də mənəvi dəstəkdir. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir. Bütün bunlar əhalinin sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının parlaq təzahürü, Naxçıvan səhiyyəsinin uğurlarıdır.

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR