22 Dekabr 2024, Bazar

Bu gün səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə əhatə olunmasından ibarətdir.
Bu məqsədlə səhiyyə xidmətinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri müntəzəm olaraq həyata keçirilir. Ölkəmizin paytaxtı Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, göz, angio­qrafiya və digər ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksək­ixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına və həmin xəstələrin muxtar respublikadan kənara getmədən cərrahi əməliyyatların təşkilinə şərait yaradır.
Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim heyəti isə bu il ikinci dəfə – dekabr ayının 24-dən başlayaraq növbəti humanitar aksiya keçirir.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan üçgünlük aksiyada Klinik Xəstəxananın 22 yüksək­ixtisaslı həkimi iştirak edir. Onlardan ginekoloq Zenfira Cəfərova, Kardiologiya şöbəsinin müdiri Rahimə Əlizadə, Endokrinologiya şöbəsinin müdiri Aynur Hümmətova, cərrah Zahid Zahidov, nevropatoloq Günel Hacıbalayeva, allerqoloq Lətifə Allahverdiyeva və başqalarının səyi ilə aksiyanın ilk günü 361 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Aksiya zamanı pasiyentlər hematoloji, uroloji, nevroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.
Pasiyentlər onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək öz minnətdarlıqlarını bildiriblər. 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR