Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanıb və ötən dövr ərzində imtahanlarda iştirak edən 530 həkimdən 482-si, 298 orta tibb işçisindən 135-i şəffaf şəraitdə test imtahanları veriblər.
Onlar müsahibə mərhələsini də uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar. Hazırda orta tibb işçilərinin sertifikasiya-test imtahanları davam edir.
Ötən şənbə günü keçirilən növbəti test imtahanında Naxçıvan Muxtar Respublikası Stomatoloji, Kardioloji, QİÇS ilə Mübarizə və Profilaktika, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzlərinin, Psixi Xəstəliklər Dispanserinin, bir sıra kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin tibb bacısı və laborantlarının bilik və bacarıqları yoxlanılıb.
Naxçıvan Dövlət Universitetində keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sertifikasiya şurasının sədri Nihad Seyidov tibb işçilərinin sertifikasiyasını kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri kimi dəyərləndirərək deyib ki, hazırda bütün qabaqcıl ölkələrdə olduğu kimi, muxtar respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri, eləcə də təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 70 laborant və orta tibb işçisinə paylanılıb, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilib.
Test imtahanının yekunlarına görə, laborant və tibb bacılarından 67 nəfər 60-100 bal toplayaraq test imtahanından keçərli sayılıblar. Səciyyəvi cəhət budur ki, imtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb bacılarının hazırlığına öz müsbət təsirini göstərdiyindən zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Növbəti imtahanda isə onların sayı xeyli azalaraq cəmi 3 nəfər olub. 37 nəfər isə 90-100 arası bal toplayıb ki, bu da ən yüksək nəticədir.
Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti