Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhalinin hər bir təbəqəsinə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, noyabr ayında da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən ay təhsil müəssisələrində şagirdlərin kütləvi profilaktik müayinəsi davam etdirilmiş, müayinələr başlanandan bəri 36699 nəfər müayinədən keçmiş, 3855 uşaqda müxtəlif patologiyalar aşkar olunaraq müvafiq profilaktik tədbirlər görülmüşdür.
V-XI sinif şagirdləri arasında ilkin vərəm intoksikasiyasını aşkarlamaq məqsədilə 23430 nəfər üzərində tuberkulin sınağı aparılmış, 5624 şübhəli, 2347 müsbət, 137 hiperergik reaksiyalı uşaq aşkar olunmuşdur. 123 uşaq Ağciyər Xəstəlikləri Dispanserində, 118 uşaq səyyar flüoroqrafik müayinədən keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, cari ildə də qadın təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün kütləvi profilaktik mammoqrafiya müayinələri aparılıb. Cari ilin yaz və payız mövsümlərində Şərur və Sədərək rayonlarında 1139 qadın təhsil işçisi Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən ultrasəs və mammoqrafiya müayinəsindən keçirilmişdir ki, onların da 219-u noyabr ayının payına düşür. Süd vəzində müxtəlif patologiyalar olan 16 qadın təhsil işçisi kompleks müayinələr üçün Onkoloji Mərkəzə dəvət olunmuşdur. Növbəti müayinələr gələn ilin mart ayından Ordubad rayonunda aparılacaq.
Mərkəzi Neftçilər Xəstəxanasının Kardiocərrahiyyə Mərkəzinin 9 nəfərlik heyəti tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli tibb işçiləri ilə birlikdə 3 nəfərdə angioqrafiya, 8 nəfərdə açıq ürək əməliyyatı aparılmışdır.
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin tərkibində olan Uşaq Ürək Cərrahiyyə Mərkəzinin uşaq invaziv kardioloqu Elnur İmanov tərəfindən Diaqnostika-Müalicə Mərkəzində 14 uşaqda EXO müayinə, 1 uşaqda pulmonarbalonoplastika əməliyyatı yerinə yetirilmişdir.
Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Məhərrəm Həsənov tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 27 nəfərdə müayinə, 9 nəfərdə əməliyyat aparılmışdır.
Ötən ay 8 həkim-kardioloq və neonatoloq Bakı şəhərində “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” mövzusunda keçirilən beynəlxalq konfransda, 2 həkim isə bu tədbirin tərkib hissəsi olan exokardioqrafiya kurslarında iştirak etmişdir.
Ahıl vətəndaşların sosial müdafiəsini gücləndirmək üzrə Dövlət Proqramının icrası istiqamətində görülən işlərin davamı olaraq, noyabr ayı ərzində muxtar respublika üzrə 25 nəfər Bakı şəhərindəki Şağan qəsəbəsində yerləşən Əlillərin Müalicə Pansionatına, 34 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 10 nəfər müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti