22 Dekabr 2024, Bazar

Səhiyyənin inkişafı ilə bağlı muxtar respublikamızda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bacarıqlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasından tutmuş səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni sağlamlıq ocaqlarının yaradılmasına, ən müasir tibbi avadanlıqların diyarımıza gətirilməsinə qədər görülən işlər inkişafın əsas göstəriciləridir.

Düşmənlə təmas xəttinin beş addımlığında yaşayan Sədərək rayonunun əhalisinə nümunəvi səhiyyə xidməti göstərilməsinin təmin olunması da sərhəd bölgəsinə dövlət qayğısının əyani ifadəsidir. Bu davamlı qayğı rayon səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm şərtdir. 2010-cu il oktyabrın 5-də zirzəmi ilə birlikdə üçmərtəbəli xəstəxana binası istifadəyə verilib, lazımi avadanlıqlarla təchiz edilib. Xəstəxananın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayon sakinlərini təbrik edərək sərhəd bölgəsində müasir səhiyyə ocağının yaradılmasını yüksək qiymətləndirib: “Bu xəstəxananın açılışı gözəl və əlamətdar hadisədir. Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə olmaq, həm də müayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır. Bu xəstəxana rayon sakinləri üçün gözəl bir hədiyyədir. Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir...”

... Budur, Sədərək Rayon Mərkəzi Xəstəxanasındayam. Hara baxırsan, təmizlik, gül-çiçək, yaşıllıq görürsən. Həkimlərin ixtiyarında tibbin son nailiyyətləri hesab olunan müasir avadanlıqlar var.
Xəstəxananın baş həkimi Nəriman Seyidovla birlikdə səhiyyə ocağını gəzərkən qeyd etdiyim cəhətlər açıq-aşkar hiss olunurdu. Əlbəttə, olduqca sevindirici bir haldır.
Səhiyyə ocağında 61 nəfər tibbi personal çalışır. Burada 3 şöbə – Stasionar, Poliklinika və Təcili yardım şöbələri fəaliyyət göstərir. Həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya, stomatologiya, oftalmologiya, ultrasəslə müayinə, rentgen otaqları xəstələrin xidmətindədir.
Xəstəxananın Təcili yardım şöbəsi müasir avadanlıqları olan üç maşınla təmin olunub. Cari ilin 10 ayı ərzində şöbə tərəfindən çağırışla bağlı 3555 gediş edilib.
Sədərəkdə imtiyazlı xəstələrə xüsusi qayğı ilə yanaşılır. Təkcə bu ilin 10 ayında bu məqsədlə 21 min 240 manat vəsait xərclənib. Bu vəsaitin 15 min 670 manatı şəkərli diabet xəstələrinin payına düşüb. Ümumiyyətlə, rayonda şəkərli diabetlə mübarizə işinə xüsusi diqqət yetirilir. Hazırda 226 belə xəstə qeydiyyatdadır.
Xəstəxanada olarkən 90 yaşlı Həsən Əliyev bizimlə söhbətində bildirdi ki, yeni xəstəxana istifadəyə veriləndən tez-tez bura gəlir: “Biz qocalara qayğı gərəkdir, səhhətimizi yoxlatmaq vacibdir. On gündən bir bura gəlib yoxlamadan keçirəm. Həkim və tibb işçilərindən razıyam”.
Xəstələrdən Samilə İsmayılova, Yolçu Abbasov, Sara Rəhimova və digərləri də onlar üçün yaradı­lan şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir və son illərdə bu sahədə də mühüm tədbirlər həyata keçirilir. Təqvim əsasında 11 xəstə­liyə qarşı peyvəndləmə işi aparılır. On ay ərzində rayonda 40 uşaq doğulub. Epidemioloji sabitlik qorunur; bunun nəticəsidir ki, körpələr arasında yoluxucu xəstəliklər qeydə alınmayıb.
Uşaq və yeniyetmələrin sağlamlığı barədə məlumatların vətəndaşların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi istiqamətində lazımi işlər görülür. Belə ki, rayonda yeni doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar internet vasitəsilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi sistemli şəkildə davam etdirilir. Xəstəxananın həkimləri və orta tibb işçiləri üçün səhiyyənin aktual məsələlərinə dair müntəzəm seminarlar keçirilir.
Rayon Mərkəzi Xəstəxanası 15 min 407 nəfərə səhiyyə xidməti göstərir. Baş həkim Nəriman Seyid­ov əhalinin müayinəyə cəlb edilməsində maarifləndirmə işinin əhəmiyyətini xüsusi vurğuladı. Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, əhalinin kütləvi müayinəyə cəlb olunması işi Sədərəkdə də uğurla yerinə yetirilib. 2014-cü il fevralın 17-dən mayın 1-dək 12 min 740 nəfər tibbi müayinədən keçirilib.
N.Seyidov qeyd etdi ki, 20 yaşlı gənclərin dispanserizasiyası məqsədilə 150 nəfər, 0-17 yaşlı uşaqların dispanserizasiyası məqsədilə 3860 nəfər, ahıl vətəndaşların dispanserizasiyası zamanı 153 nəfər tibbi müayinəyə cəlb olunub. Nəticədə, xəstəlik aşkar edilmiş vətəndaşlara müalicə kursu təyin edilib.
Fəsil dəyişkənliyi ilə əlaqədar payız mövsümündə məktəblərdə şagirdlər arasında müayinə işi aparılıb, xəstəlik müşahidə edilən uşaqlar müvafiq müalicə müəssisələrinə cəlb olunublar.
Baş həkim xüsusi vurğuladı ki, insanların vaxtında həkimə müraciət etmələri və ya vaxtaşırı tibbi müayinədən keçmələri bir çox xəstəliyin qarşısının alınmasında mühüm rol oynaya bilər. O həmçinin maraqlı bir məqama da toxunaraq bildirdi ki, elmi-texniki tərəqqinin insan həyatına daha çox müdaxilə etdiyi bir dövrdə hərəkətsizlik – adinamiya sindromu yaranır. Bu isə insanın fiziki passivliyinə səbəb olmaqla sağlamlığına mənfi təsir göstərir. İnsan düzgün qidalansa, özü üçün aktiv həyat tərzi formalaşdırsa, bir çox xəstəliklərin təkanvericisi olan stresdən də uzaq ola bilər.
Xəstəxananın müasir tələblərə cavab verən laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini aparmaq üçün tibbi avadanlıq var. Həmçinin stomatoloji qurğu, rentgen, fizioterapiya avadanlıqları və sair xəstələrin xidmətindədir. Əgər əvvəllər rayon əhalisi belə müayinələr üçün Şərur və ya Naxçıvan şəhərlərinə yollanırdısa, artıq buna ehtiyac yoxdur.
Xəstəxanada yaradılmış iki səyyar həkim briqadası tez-tez rayonun müxtəlif ərazilərində olur, xəstələri yerindəcə müayinədən keçirir.
Bütün bunların nəticəsidir ki, Sədərəkdə hamı səhiyyə işçilərinə inanır və öz sağlamlığını onlara etibar edir. Ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş səhiyyə müəssisəsində işləmək tibb işçilərini peşələrinə daha çox bağlayır.
Təbii ki, insan sağlamlığının təminatlarından biri də yaşayış səviyyəsinin yüksək olmasıdır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən dövlət proqramları məhz buna yönəlib. Sərhəd bölgəsində yaşayan sədərəklilər də dövlət qayğısı ilə əhatə olunublar. Hər bir Sədərək sakini bu diqqət və qayğıdan razıdır. Bir dahinin dediyi söz, məncə, bu məqamda yerinə düşər: “Sağlam insanları olan cəmiyyətdə yaşamaq necə də asandır”, lap Sədərəkdə olduğu kimi.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR