22 Dekabr 2024, Bazar

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi bu ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb ediliblər.
Xatırladaq ki, bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.
Son illər muxtar respublikamızda da bu sahədə mühüm tədbirlər həyata keçirilib. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verib. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

İcbari dispanserizasiya zamanı valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların dispanserizasiyasına daha həssaslıqla yanaşılır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində bununla əlaqədar işçi qrupu yaradılıb və tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, uşaqlara xidmət göstərən tibb müəssisələrində, ilk növbədə, 0-17 yaş arası uşaqların adlı siyahısı hazırlanıb, pediatr, LOR-həkim, oftalmoloq, stomatoloqdan ibarət həkim briqadaları təşkil olunaraq ilkin dispanser müayinələrə başlanılıb. Bu müayinələr zamanı uşaqların antropometrik ölçülərinə, görmə qabiliyyətinin, dişlərin, əsnəyin və onurğanın vəziyyətinə xüsusi diqqət yetirilib, xəstə, xəstəliyə şübhəli və ya meyilli uşaqların aşkar edilərək xüsusi müayinə vasitələrindən istifadə edilməsinə diqqət edilib.
Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar müalicəsi təşkil olunub.
Aşkar olunan xəstə və xəstələnmə riski yüksək uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməsi, ehtiyac olan hallarda reabilitasiya tədbirlərinin və sanator-kurort müalicəsinin həyata keçirilməsi işləri təmin edilib. Dispanser qeydiyyatına alınmış uşaqlara müşahidə kartları açılıb və onlar arasında mövcud təlimata uyğun müalicə-profilaktika tədbirləri həyata keçirilib.
Bu günə qədər 127 min uşağın icbari dispanserizasiyadan keçməsi üçün bu dispanserizasiyanın aparılmasının əhəmiyyəti barədə maarifləndirici tədbirlər keçirilib. Bütün bunların nəticəsində bu günə qədər 75104 uşaq icbari dispanserizasiyadan keçirilib.
Dispanserizasiyadan keçən uşaqların Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində registri yaradılıb. Bu günə qədər 19089 uşaq haqqında məlumat registrə daxil olunub.
Dispanserizasiyanın uğurla aparılmasında valideynlərin, məktəbəqədər və məktəb-təhsil işçilərinin də böyük rolunu qeyd etmək lazımdır. Onlar uşaqların müayinələr üçün gətirilməsində, xüsusi müayinələrdən keçirilməsində fəal iştirak etməlidirlər. Əminliklə demək olar ki, valideynlər və digər qurum işçiləri tibb işçilərinə çox yaxından köməklik göstərməklə gələcəyimiz olan uşaqların sağlamlığı üçün əllərindən gələni əsirgəmirlər. Çünki ulu öndərimizin dediyi kimi: “Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr 21-ci əsrdə dünyanın məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar. Ona görə də uşaqların sağlamlığının təmin olunması və qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR