Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən V-XI siniflərdə təhsil alan məktəblilər arasında vərəmin erkən aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqlarının aparılmasına başlanılıb. Bu sınaqları icra edəcək pediatr, epidemioloq və vaksinatorlardan ibarət xüsusi briqadalarının, orta tibb işçilərinin hazırlığı məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində və rayon mərkəzi xəstəxanalarında seminar-treninqlər keçirilib. Bu tədbirlərdə məktəblərin tibb işçiləri tərəfindən uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verilib. Aseptik qaydalara ciddi əməl olunmaqla məktəblərin tibb məntəqələri tam hazır vəziyyətə gətirilib. Bir həkim və 2 vaksinatordan ibarət xüsusi briqadalar lazımi sınaq, dərman preparatları ilə təchiz olunublar.
Naxçıvan şəhərindəki tam orta məktəblərdə kütləvi tuberkulin diaqnostikası Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin nəzarəti altında ərazi prinsipi üzrə həkim və vaksinatorlardan ibarət 16 xüsusi briqada tərəfindən icra olunub. V-XI siniflərdə təhsil alan 6017 məktəblinin cəlb edildiyi sınaq 2 mərhələdə keçirilib. Aksiyanın sonunda reaksiyası şübhəli olan uşaqlar Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə cəlb ediliblər. Virajlı, yəni ilk dəfə vərəm mikrobakteriyaları ilə yoluxmuş uşaqlar xüsusi nəzarətə götürülərək profilaktik məqsədlə bir neçə ay pulsuz dərman preparatları ilə təmin olunacaqlar.
Rayonlarda isə mantu sınaqları gigiyena və epidemiologiya mərkəzləri və rayon mərkəzi xəstəxanalarının nəzarəti altında həyata keçirilir. Mantu sınaqları və dərin tibbi yoxlamalar, eləcə də uşaqların icbari dispanserizasiyası ay ərzində davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti