Son illərin quruculuq ünvanlarından biri olan, orijinal memarlıq üslubunda qurulmuş 5 mərtəbəli Ordubad Rayon Mərkəzi Xəstəxanasında xəstələrin müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb, LOR, oftalmoloq, cərrah, nevropatoloq və terapevt otaqları, stasionar və mobil rentgen qurğuları, flüoqraf, ultrasəslə müayinə və elektrokardioqrafiya aparatları quraşdırılıb.
Reanimasiya və əməliyyat bölməsində yerləşən palatalarda süni tənəffüs aparatlarının, defibliyatorun, çarpayıyanı monitorların və ilk yardım ləvazimatlarının olması səhiyyə ocağında ağır xəstələrin müalicəsinə imkan verir. Əməliyyat otağı narkoz aparatı, sorucu, kiçik və böyük cərrahi avadanlıqlar dəsti ilə təchiz edilib. Əməliyyat və doğuş otaqlarında antibakterial havalandırma sistemi quraşdırılıb. Yaradılmış şərait digər rayonlarda olduğu kimi, Ordubad Rayon Mərkəzi Xəstəxanasında da yüksəkixtisaslı həkim briqadalarının fəaliyyətinə stimul verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, yüksəkixtisaslı cərrah həkimlər rayon xəstəxanasında olub, bir gündə 7 xəstə üzərində 5 tonzilloektamiya, dəbəllik və dermoid kistaya görə cərrahi əməliyyatlar aparıblar. Bu əməliyyatlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov, Naxçıvan Muxtar Respublika Xəstəxanası Burun-qulaq-boğaz şöbəsinin müdiri Fərman Novruzov, reanimatoloq-anestezioloq Hüseyn Abdullayev tərəfindən həyata keçirilib. Cərrahi müdaxilələrdə Ordubad Rayon Mərkəzi Xəstəxanasının cərrahı İlqar İbrahimov da iştirak edib.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti