Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanıb, təkcə cari ilin mart ayından iyun ayının sonuna kimi imtahanda 240 nəfər iştirak edib, 167 nəfər uğurlu nəticələr qazanıb.
Növbəti test imtahanında isə “laboratoriya işi” ixtisası üzrə Şərur, Şahbuz, Babək, Ordubad, Culfa, Sədərək rayon mərkəzi, kənd sahə xəstəxanalarının, kənd həkim ambulatoriyalarının 46 orta tibb işçisi öz bilik və bacarıqlarını sınayıb.
Naxçıvan Dövlət Universitetində keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi sertifikasiya imtahanına nəzarət komissiyasının sədri Zülfiyyə Həsənova tibb işçilərinin sertifikasiyasını kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri kimi dəyərləndirərək deyib ki, hazırda bütün qabaqcıl ölkələrdə olduğu kimi, muxtar respublikamızda da beş ildən bir imtahan verib sertifikat almayan tibb işçiləri praktik fəaliyyətlə məşğul ola bilməzlər. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb sənətinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır. Bu proseslər muxtar respublikamızda da həkimlərin və orta tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasını zəruri edir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanıb, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilib.
Test imtahanının yekunlarına görə, mütəxəssislərdən 5 nəfər 90-100, 4 nəfər 80-90, 2 nəfər 70-80, 7 nəfər 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılıblar. 28 tibb bacısı isə zəruri həddi keçə bilməyib. Onlar ixtisasartırma kurslarından sonra yenidən imtahan verməli olacaqlar. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti