Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə aksiyalardan biri Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Vidadi Quliyev ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir.
Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və sair) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bu baxımdan qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizm bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikamızda da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Sonra “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyası keçirilib. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada xəstəxananın həkim və tibb bacıları, texniki heyəti ilə yanaşı, Culfa rayonunun idarə və müəssisələrindən 30 nəfər könüllü olaraq 6,6 litr qan verib. Donorlardan götürülən qanın qrupları müəyyənləşdirilərək birli və ikili torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti