Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi muxtar respublika üçün həyativacib obyektlərdən biridir. Ölkə başçısının muxtar respublika əhalisinə çox dəyərli hədiyyəsi olan bu səhiyyə ocağında çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, LOR, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. Mərkəzi sinir sisteminin və sinir əzələlərinin fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə tətbiq edilən müayinə üsulları regionda ilk dəfə burada tətbiq olunmağa başlanmışdır.
Əməliyyat blokunun ən müasir tibbi aparat və cihazlarla təchizatı, yüksəkixtisaslı mütəxəssislərin yetişməsi, bütövlükdə, yaradılmış şərait artıq bir sıra mürəkkəb əməliyyatların yerli mütəxəssislər tərəfindən uğurla icra olunmasına imkan verir. Bir neçə gün əvvəl növbəti belə bir əməliyyat Babək rayonunun Hacıvar kəndindən gəlmiş 53 yaşlı Fərman Məmmədov üzərində həyata keçirilib. Mədənin funksiyası ciddi şəkildə pozulduğundan onun tamamilə götürülməsi üçün təcili təxirəsalınmaz cərrahi müdaxiləyə zərurət yaranıb. Hərtərəfli tibbi müayinələr xəstəyə qoyulan adenokarsionoma diaqnozunu təsdiqlədiyindən ən müasir tibbi aparat və cihazların tətbiqi ilə qastroektomiya əməliyyatı aparılıb. Xəstə bir neçə günlük müşahidə altında qaldıqdan sonra tam sağalma ilə evə buraxılıb.
Mərkəzdə icra olunan digər əməliyyat isə endoskopik metodla qastrostomiya adlanır. İlk dəfə bu metod 1979-cu ildə Klivlenddə (ABŞ) endoskopist Ponski və uşaq cərrahı Qauder tərəfindən yüksək əməliyyat riski olan xəstələrdə aparılıb. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində isə bu metod Şərur rayonunun Danyeri kəndindən gəlmiş Sabir Sultanov üzərində tətbiq olunub. İlk olaraq fibroqastroskop mədəyə yeridilərək punksiya yeri anesteziya olunub, 3 mm ölçüdə kəsik aparılıb, endoskopun görüntüsü altında uyğun kateterlə mədəyə tel salınaraq onun bir ucu endoskopla birgə ağız boşluğundan çıxarılıb. Telin digər tərəfi qastrostom trubkası ilə dartılaraq dəriyə fiksə olunub.
Böyük kəsiyin aparılmaması bu metodun üstünlüklərindən biridir. Endoskopik metodla qastrostoma qulluq sadə və təhlükəsiz olduğundan əlavə tədbirlərə ehtiyac qalmır. Ümumi narkoz tələb olunmur, əməliyyat 15-20 dəqiqə müddətində yerinə yetirilir.
Naxçıvan səhiyyəsinin tarixində ilk dəfə icra olunan hər iki əməliyyat mərkəzin baş həkimi, yüksəkixtisaslı cərrah Abasət Hüseynəliyev tərəfindən aparılıb. İkinci əməliyyat mərkəzin endoskopist həkimi Cabir Hüseynovla birgə icra olunub. Qeyd edilməlidir ki, indiyədək belə mürəkkəb əməliyyatlar üçün xəstələr ölkəmizin paytaxtına və digər ünvanlara üz tutmalı olurdular.
Bütün bunlar muxtar respublika səhiyyəsində həkimlərin peşə bacarıqlarının artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsidir. Bu məqsədlə hər ay keçirilən elmi-praktik seminarlar, konfranslar, təlim və treninqlər, həkim və orta tibb işçilərinin Bakı şəhərindəki, həmçinin Türkiyə Respublikasındakı müxtəlif klinika və xəstəxanalara kurslara göndərilməsi, onların yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə həyata keçirilən mürəkkəb cərrahi əməliyyatlarda iştirakı, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti