22 Dekabr 2024, Bazar

Sentyabrın 30-da Ordubad Rayon Mərkəzi Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Səhiyyə müəssisələrində keyfiyyətli dərman və tibbi preparatlarla təchizat yaxşılaşdırılıb, ixtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstə­liklərin profilaktikası, insanların sağlamlığının qorunması prioritet vəzifəyə çevrilib.

Bu vəzifələrin Ordubadda da layiqincə yerinə yetirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirən nazir səhiyyə sahəsində aparılan quruculuq işləri, həyata keçirilən islahatlar nəticəsində xəstəliklərdən ölüm göstəricilərinin aşağı düşdüyünü, xroniki xəstələrin həyat keyfiyyətinin yaxşılaşdığını vurğulayıb. Rayonun səhiyyə sistemində uğurlarla yanaşı, problemlərin, müəyyən neqativ halların da olduğunu diqqətə çatdıran nazir tibb işçilərini insanlarla münasibətdə diqqətli olmağa çağırıb.
Sonra Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin müalicə işləri üzrə baş həkim müavini Nəzakət Quliyeva, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsən­ova, baş məsləhətçi-pediatrı İbrahim Ağayev çıxış edərək 2014-cü ilin ilk 8 ayı ərzində Ordubad rayonunda əhaliyə göstərilən tibbi xidmətin, muxtar respublika tibb müəssisələrində kəskin bağırsaq infeksiyalarına qarşı görülən profilaktik və Ordubad rayonunda yoluxucu xəstəliklərə qarşı aparılan əks-epidemik tədbirlərin vəziyyəti barədə məruzələr ediblər.
Kollegiya iclasında Ordubad rayonunda cərrahi xidmətin vəziyyəti, Naxçıvan şəhərində özəl “Profilaktik təbabət kabinəsi”nin fəaliyyətinin dayandırılması, kesar əməliyyatı, QİÇS Mərkəzində aparılan müayinələrin nəticələri, DOTS proqramı üzrə vərəm xəstələrinin aşkarlanması, həkim briqadalarının fəaliyyəti və digər məsələlər barədə məlumatlar verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin ”Ordubad rayonunda əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması haqqında” kollegiya qərarı qəbul olunub, ayrı-ayrı sahələrdə mövcud nöqsanların aradan qaldırılması üçün üç ay vaxt verilib.
Kollegiya iclasına səhiyyə naziri Niyazi Novruzov yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR