Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün cari payız mövsümünün kütləvi profilaktik mammoqrafiya müayinələrinə başlanılıb. Muxtar respublikamızda əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsinin tərkib hissəsi olan belə müayinələr artıq ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkim-onkoloqları son iki ildə səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınların süd vəzinin profilaktik müayinəsini başa çatdırıblar. Ötən ilin yaz və payız mövsümündə isə Naxçıvan şəhəri, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 2000-dən çox qadın təhsil işçisinin profilaktik müayinəsi aparılıb.
Bu ilin yaz mövsümündən isə Şərur rayonunda qadın təhsil işçiləri belə müayinələrlə əhatə olunublar. Mart, aprel və may aylarında Şərur şəhər və 4 kənd məktəbində profilaktik müayinələr aparılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkimləri tərəfindən Şərur rayonundakı təhsil müəssisələrində işləyən qadınlar arasında payız mövsümünün profilaktik müayinələri davam etdirilir. Qısa müddətdə İbadulla, Vərməziyar, Tumaslı və Diyadin kənd məktəblərində 91 qadın müayinədən keçirilib, süd vəzində müxtəlif patologiyalar olan 8 qadın təhsil işçisi kompleks müayinələr üçün Onkoloji Mərkəzə dəvət olunub.
Müayinələri hər həftənin çərşənbə günü həyata keçirməklə ilin sonuna qədər başa çatdırmaq nəzərdə tutulub. Növbəti müayinələr Ordubad rayonunda aparılacaq.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti