Əgər biz “antibiotik” sözünün mənasını araşdırsaq onda görərik ki, o, iki latın sözündən ibarətdir: “anti – əks”, “bio – həyat” deməkdir. Bu iki komponentin birlikdə ifadə etdiyi məna isə antibiotik “həyatın əksi”, həyatı dayandırmaq deməkdir. Bilmək lazımdır ki, antibiotiklərin təkcə zərərli mikroorqanizmlər üçün deyil, ümumiyyətlə, canlılar üçün də zərərli təsirləri vardır. Bu barədə aşağıda danışacağıq.
Antibiotiklər bioloji və kimyəvi sintez yolu ilə alınaraq cüzi qatılıqları ilə mikroorqanizmlərin inkişafını ya dayandıran, ya da onları tamamilə məhv edən dərman preparatlarıdır.
1928-ci ildə ingilis alimi Fleminq ilk dəfə olaraq kif göbələklərini bərk qidalı mühitdə becərərək onun antoqonist xassəyə malik olduğunu müəyyən etmişdir.
Hələ XI-XII əsrlərdə Şamaxı rayonunun Məlhəm kəndində həkimlər kif göbələklərindən məlhəmlər hazırlayıb irinli yaraların müalicəsində istifadə etmişlər. Kif göbələklərindən 1941-ci ildə ilk dəfə Ceyn Tlori tərəfindən penisillin əldə olunmuşdur. Amerikalı alim Z.A.Vaksman ilk dəfə şüalı göbələklərdən “strteptomyan” deyilən antibiotik almış və onu vərəm xəstəliyinin müalicəsində istifadə etmişdir.
Antibiotiklər, əsasən, göbələk, bitki və heyvanlardan alınır. Ancaq qeyd etmək lazımdır ki, antibiotiklərin bəziləri son zamanlar sintez yolu ilə əldə olunur. Məsələn, sarımsaq və soğandan alınan allisini antibiotikini buna misal göstərmək olar.
Bu gün elmdə 100-dən çox antibiotik preparatı olmasına baxmayaraq, onlardan orqanizm üçün daha az əlavə təsirlərə malik olan antibiotiklərdən istifadə olunur. Hətta az əlavə təsirlərə malik olmasına baxmayaraq, bu antibiotiklərdən istifadə allergik təsirlərdən tutmuş orqanizmin vacib funksiyalarının pozulması hallarına da səbəb ola bilər. Antibiotiklər hazırda bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Antibiotik ancaq həkim tərəfindən dəqiq göstərişlər əsasında təyin olunur. Xəstənin özbaşına və yaxud hər hansı bir dostunun, tanışının məsləhətilə antibiotik qəbul etməsi düzgün deyil. Antibiotiklərin istifadəyə başlanılmasından uzun illər sonra tibb elmi müəyyən etdi ki, mikroorqanizmlər mutasiya etmək (gen dəyişikliyi) və müalicədə işlədilən antibiotiklərə qarşı davamlılıq əldə etmək qabiliyyətinə malikdirlər. Bu xüsusiyyət, yəni mikroorqanizmlərin antibiotiklərin öldürücü təsirinə qarşı dura bilməsi onların hüceyrələrinin daxilində və xarici divarında gedən dəyişikliklərin hesabına baş verir. Hətta bəzi mikroorqanizmlər xüsusi ferment ifraz edirlər. Hansı ki bu ferment antibiotiklərin təsirini zəiflədir. Bu yolla qazanılmış davamlılıq mikroorqanizmlərin genləri vasitəsilə onların gələcək nəsillərinə ötürülür.
Antibiotiklərə qarşı davamlılığın yaranması isə təbii olaraq yeni antibiotiklərin yaranmasına səbəb olur. Bu mənada antibiotiklərdən səmərəli istifadə edilməlidir.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni kəşf edildiyi vaxt, elə indinin özündə də antibiotiklər milyonlarla insanın həyatını xilas etmişdir. Antibiotik təyin edərkən yaxşı olar ki, ona qarşı həssaslıq da təyin edilsin. Antibiotik təyin edərkən xəstədəki bir sıra amillər nəzərə alınmalıdır: məsələn, xəstənin yaşı, hamiləlik, böyrəklərin və qaraciyərin funksiyasının vəziyyəti və sair. Elə antibiotiklər var ki, onu hamilə qadınlara tətbiq etmək olmaz. Yaxud yaşlı adamlara təyin edilən antibiotiklərin dozası ümumi dozanın 1/4 hissəsi qədər azaldılmalıdır. Yaxşı olar ki, ömründə heç bir antibiotik almayan xəstəyə geniş spektrli antibiotik təyin edilməsin.
Belə bir fikir yanlışdır ki, antibiotiklərlə istənilən infeksiyanı müalicə etmək olar. Məsələn qrip, kəskin respirator infeksiyaları və hepatitlər zamanı antibiotiklərdən istifadə olunması düzgün deyil. Çünki qrip və digər virus infeksiyalarının səbəbi adından göründüyü kimi, viruslardır. Antibiotiklər isə viruslara təsir etmir. Kəskin respirator virus infeksiyaları ancaq ağırlaşmalar verdiyi zaman antibiotiklərdən istifadə etmək olar. Məsələ ondadır ki, bəzi hallarda antibiotiklərsiz ötüşmək olmur.
Bir çox xəstəliklərin, o cümlədən pnevmoniya (ağciyərlərin iltihabı), pielonefrit (böyrəklərin iltihabı), haymorit (burunətrafı cibin iltihabı), abses, sepsis kimi xəstəliklərin müalicəsində antibiotiklər əvəzolunmazdır. Antibiotiklərin köməyi olmasa, bu xəstəliklər ağır fəsadlar verə, hətta ölümlə nəticələnə bilər.
Səmərəsiz istifadə olunduqda antibiotiklərin aşağıdakı mənfi nəticələri ola bilər:
- qaraciyər və böyrəyin funksiyası pozula bilər;
- antibiotiklərin istifadəsi zamanı disbakterioz halı əmələ gələ bilər (disbakterioz antibiotik təsirindən bağırsaq florasında insan orqanizmi üçün xeyirli olan mikrofloranın məhv olmasıdır);
- nəhayət, ən arzuolunmayan hal isə antibiotiklərə qarşı davamlılığın əmələ gəlməsidir.
Yekun olaraq deyə bilərik ki, antibiotiklər səmərəli istifadə olunarsa, “dostumuz”, səmərəsiz istifadə olunarsa, “düşmənimiz”dir.
Məmmədəli ƏLƏKBƏROV
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi