Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikanın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Birgə səylər, nəticə etibarilə, əhalinin sağlamlığının qorunmasına böyük fayda verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsi işinin daha da yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin həkim briqadası təkcə bu ilin ilk 6 ayı ərzində 3 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuş, 80 nəfərdə EXO müayinə, 51 nəfərdə angioqrafiya, 35 nəfərdə açıq ürək, 1 nəfərdə periferik damar əməliyyatları aparmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksəkixtisaslı heyəti sentyabrın 7-də yenidən, bu il dördüncü dəfə olaraq, Naxçıvana gəlmişdir. Ürək-Damar Xəstəlikləri Mərkəzinin ürək və damar cərrahları Seymur Musayevin, Kənan Əsədovun, Kamal Ağarzayevin, anestezioloqların, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu heyət son 2 gün ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 9 kardioloji xəstədə aortakoronar şuntlama, açıq ürək əməliyyatları aparmış və risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirmişdir. Xəstə Zəhra Dadaşovanın əməliyyatı zamanı aortik bioprotez qapaq qoyulmuş və eyni zamanda aortakoronar şuntlama əməliyyatı icra olunmuşdur. Digər xəstələr üzərində də aparılan açıq ürək əməliyyatları uğurla başa çatdırılmış, 1 xəstəyə isə aortal qapaq qoyulmuşdur. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Həkim briqadası açıq ürək əməliyyatları ilə yanaşı, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini də araşdırmışdır.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiovaskulyar-cərrahı İntiqam Fətullayev, reanimasiya, anestezioloji tibb bacıları da iştirak edirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti