22 Dekabr 2024, Bazar

Yay fəslində düzgün qidalanmaya xüsusilə diqqət edilməlidir. Çünki qidalanma vərdişlərindəki dəyişikliklər bir sıra fəsadlara yol aça bilər. Bu baxımdan yayda uşaqların düzgün qidalanmalarına valideynlər diqqət etməlidirlər. Əks təqdirdə, zəhərlənmə kimi xoşagəlməz hallar baş verə bilər. Ancaq sağlam və balanslı qida məhsulları qəbul etməklə yay aylarında bu cür sağlamlıq problemlərinin qarşısını almaq mümkündür. Məsələ ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayevə müraciət etdik. 

 O bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin intensivliyi artır. Buna əsas səbəblər kimi isti vaxtlarda xəstə­liktörədən mikroorqanizmlərin aktivliyinin artmasını, ərzaq məhsullarının düzgün saxlanmaması nəticəsində çirklənməsini, uşaqların və valideynlərin sanitar-gigiyena qaydalarına riayət etmə­mələrini göstərmək olar. Eyni zamanda uşaqlarda mədə-bağırsaq sisteminin zəif olmasının, həzm fermentlərinin kifayət qədər olma­masının da xəstəliklərin əmələ gəlməsində böyük rolu vardır. Kiçikyaşlı uşaqlarda əmələ gələn mədə-bağırsaq xəstəlikləri, əsasən, sadə və toksiki dispepsiyalar şəklində olur. Sadə və toksiki dispepsiyalar qidalanmanın düzgün təşkil olunmamasından, yəni ananın uşağı, xüsusən isti vaxtlarda tez-tez və yaşa uyğun olmayan müxtəlif qidalarla qidalandırması nəticəsində baş verir. Bu zaman uşaqlarda kəskin narahatçılıq, aramsız ağlama, ishal, qusma əlamətləri olur. Bunun nəticəsində uşaqlarda susuzlaşma halı baş verir ki, bu da bütün həyativacib orqanlarda patoloji prosesin əmələ gəlməsinə səbəb olaraq bəzən çox ağır nəticələrə gətirib çıxarır. Kiçik yaşlarda, xüsusən südəmər dövrdə mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməməsi üçün, ilk növbədə, ana südü ilə qidalanma düzgün təşkil edilməlidir. Bunun üçün analar öz uşaqlarına mümkün qədər süd verməlidirlər. Müqəddəs kitabımız “Qurani-Kərim”də də körpələrə 2 il ərzində ana südü verilməsi buyurulur. Çünki ana südü uşaq üçün əvəzsiz qidadır. Onun tərkibindəki qida maddələri, zülallar, karbohidratlar, yağlar, mineral maddələr bir-birlərinə elə nisbətdədir ki, onlar uşaq orqanizmində tez sorulurlar. Ana südü həm də uşaqları müxtəlif xəstəliklərdən qoruyur. Eyni zamanda ana südü vasitəsilə bir çox genetik informasiyalar da uşaq orqanizminə keçir ki, bu da gələcəkdə şəxsiyyətin formalaşmasında böyük rol oynayır.

Onu da qeyd edim ki, ana südü az olduqda və ya heç olmadıqda analar səhv olaraq müxtəlif heyvan südlərindən istifadə edirlər. Bu da uşaqda mədə-bağırsaq pozğunluğuna səbəb olur. Yaxşı olar ki, belə vaxtlarda qidalanma həkim məsləhəti ilə aparılsın. Uşaq yeməkləri verilərkən sanitar-gigiyenik qaydalara, onların saxlanmasına diqqət etmək lazımdır. Bu vaxt düyü həlimi və süzmə qatıq qarışıqlarından istifadə etmək olar. 1-2 yaşdan sonra yay vaxtı uşaqlar üçün sıyıqlar, yaxşı olar ki, süddə yox, suda bişirilsin. Kartof, tərəvəz pürelərindən, yağsız suplardan da istifadə etmək olar. Uşaqlara təbii şirələr və artıq miqdarda maye verilməlidir.
Müsahibim onu da vurğuladı ki, nisbətən böyükyaşlı uşaqlarda yay aylarında mədə-bağırsaq xəstəliklərinə rast gəlinmir. Bunun əsas səbəbi kimi səhiyyə maarifinin əhali arasında tez-tez aparılması, uşaqlara vaxtlı-vaxtında qoruyucu peyvəndlərin vurulması və sairəni göstərmək olar.
Lakin böyükyaşlı uşaqlarda yay aylarında qastroenteritlər, qida zəhərlənmələri kimi hallara təsadüf edilir.
Hər bir ana uşağın qəbul etdiyi qidalara daha məsuliyyətlə yanaşmalı, onun təmizliyinə diqqət yetirməlidir. Əksər hallarda uşaqlarda mədə-bağırsaq xəstəliklərinin yaranması müşahidə oluna bilər. Belə hallarla qarşılaşdıqda həkimə qədər uşaqlara ilk yardımlar edilməlidir. Belə ki, uşağa verilən bütün qidalar dayandırılmalı, ona dərhal çobanyastığı dəmləməsi və limonlu çay verilməlidir. Əgər hərarət yüksəkdirsə, uşağa ilıq vanna edib, parasetamol vermək və uşaq həkiminə müraciət etmək lazımdır.
Yay ayları eyni zamanda uşaqların enerji yığmaları üçün hər cür meyvə- tərəvəzlə zəngin, Günəş şüaları ilə bol aylardır. Əziz analar, uşaqlarınızı yay aylarında bu cür xəstəliklərdən qorumaq üçün onların düzgün qidalanmalarına, şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqət etməlisiniz. Gələcəyimiz olan uşaqlara diqqət və qayğı hamımızın borcudur.

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR