22 Dekabr 2024, Bazar

(əvvəli qəzetimizin 27 may və 17 iyul tarixli nömrələrində)

1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın ikinci müstəqillik dövrü başlandı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin muxtar dövlətin başçısı kimi hərtərəfli fəaliyyəti nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanılıb, bölgə işğaldan qorunub. Xalqımızın müstəqillik uğrunda 90-cı illərin əvvəllərindəki mübarizəsi bir sıra çətinliklərlə müşayiət olunsa da, həmin illər Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal axtarışlarla əlamətdar idi. “Hər şey praktiki səhiyyə üçün” – bu ideya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət xəttinin əsasını təşkil edirdi.
Ulu öndərin çoxşaxəli fəaliyyətində səhiyyənin xüsusi yer tutması əhalinin sağlamlığının qorunması istiqamətində hələ ötən əsrin yetmişinci illərində başlanan islahatların məntiqi davamı idi. Yeni tarixi şəraitdə səhiyyə işçiləri təkcə səhiyyəni xilas etmək deyil, onun səmərəsini yüksəltmək, xalqın səhiyyəyə etimadını bərpa etmək vəzifələrinin öhdəsindən gəlməli idilər. Səhiyyə işçiləri olduqca çətin bir dövrdə bu vəzifələri ardıcıl­lıqla yerinə yetirməyə başladılar.

1992-ci ilin may ayının 1-dən başlayaraq muxtar respublika ərazisinə ermənilərin hücumu zamanı yaralananlara tibbi xidmət göstərilməsi və şəhidlərin nəşinin ailələrinə çatdırılması işi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirildi, çünki həmin vaxtda hərbi hospital tam fəaliyyətsiz idi. Yaralılara tibbi xidmət göstərilməsini təşkil etmək üçün Sədərək Rayon Mərkəzi Xəstəxanası kənddən kənara – təbii mühafizə olunan yerə köçürülərək yaralıların qəbulu məntəqəsinə çevrildi. Şərur Rayon Mərkəzi Xəstəxanası isə tibbi sanitar batalyon funksiyasını yerinə yetirmək üçün hazırlandı, cərrahi profilli şöbələr boşaldıldı. Yaralılara ixtisaslı yardım göstərilməsi işi təşkil edildi.
1992-ci ilin may ayından dekabr ayının sonunadək vətənimizin ərazi bütövlüyü uğrunda 96 nəfər şəhid olub, 425 nəfər yaralanıb. Yaralılara tibbi xidmət göstərmək məqsədilə Türkiyə Respublikasından doktor Əminə Mərcanın rəhbərliyilə tibbi briqada, Bakıdan professor Çərkəz Çərkəzovun və dosent Nizami Məmmədovun rəhbərliyilə gəlmiş həkim briqadaları günlərlə Naxçıvanda tibbi xidmət göstəriblər. Həmin il yaralılardan 41 nəfəri Türkiyəyə və 9 nəfəri İrana müalicə üçün göndərilib.
Ulu öndərin Ərzurum xəstəxanalarında müalicə olunan yaralılara baş çəkməsi əsgərlərimizin ruh yüksəkliyinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edib. O çətin günlərdə səhiyyə işçilərimiz müsəlləh əsgər kimi daim qaynar nöqtələrdə, səngərdə olmuş, yaralılara tibbi xidmət göstərmişlər.
1993-cü ildə AMOKO neft şirkətinin və Amerikares xeyriyyə cəmiyyətinin nümayəndələri muxtar respublikada 6 yaşa qədər uşaqlara planlı peyvəndlərin “Soyuq zəncir” sistemi üzrə aparılmasından ötrü Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində olublar. “Soyuq zəncir” sistemi üçün lazım olan bütün avadanlıqlar, həmçinin peyvənd materialları muxtar respublikaya gətirilərək 1994-cü ildən nəzərdə tutulan immunizasiya proqramına başlanılıb. Bu əməkdaşlıq nəticəsində muxtar respublikada difteriya xəstəliyi 1996-cı ilin aprelindən ləğv edilib, idarə olunan digər yoluxucu xəstəliklər isə kəskin şəkildə azalıb.
1993-cü ildə Şərur və Babək rayonlarının ərazisində qarayara xəstəliyi qeydə alınıb və aparılan tədbirlər nəticəsində həmin il xəstəlik ləğv olunub.
Ötən əsrin 90-cı illərində Naxçıvanda aparılan quruculuq işləri müəyyən dərəcədə səhiyyə sistemini də əhatə edib. Blokadanın yaratdığı ağır şəraitdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilib.
1990-1993-cü illərdə Naxçıvan şəhərində doğum, təcili tibbi yardım, diaqnostika və reabilitasiya, yoluxucu xəstəliklər, ana və uşaq reabilitasiya mərkəzləri, Sədərək rayonunun Dəmirçi kəndində 25 çarpayılıq sahə xəstəxanası yaradılıb. 1992-ci ilin sentyabr ayından hərbi hospital fəaliyyətə başlayıb. 1993-cü ildə Culfa rayonunun Ərəfsə kəndində həkim ambulatoriyası üçün yeni bina tikilib istifadəyə verilib.
Ümummilli lider Heydər Əliyev xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı, səhiyyə sisteminin də böhrandan çıxarılması üçün yollar axtarılmasına başlanılıb. Böyük qayıdışdan sonra bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoyub, ilk növbədə, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlanıb. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verib. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlığının etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
Bu islahatlar ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə öz bəhrəsini verib. Bütövlükdə, 1969-1999-cu illərdə Naxçıvan Muxtar Respublikasında 1156 yerlik xəstəxana, növbədə 1045 nəfər qəbul edə biləcək poliklinika və ambulatoriyalar tikilib ki, bu da ulu öndər tərəfindən əsası qoyulmuş genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani ifadəsidir.
Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi,vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə sadiqlik göstərən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Bu siyasət ölkənin hər yerində olduğu kimi, muxtar respublikamızda da öz bəhrəsini verir.
1995-2014-cü illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvan səhiyyəsində intensiv inkişaf dövrü kimi xarakterizə olunur. Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur tədbirlərinin həyata keçirilməsi, son nəticədə, əhalinin sağlamlığının qorunmasına, ən qiymətli kapital sayılan insan kapitalının yaradılmasına xidmət edir. İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi hazırda muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Bu istiqamətdə görülən işlər muxtariyyətin yaşıdı olan Naxçıvan səhiyyəsinin tarixindən bəhs edəcək sonuncu yazının mövzusudur.

(ardı var)

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR