22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan “İmplantoloq” İctimai Birliyinin birgə keçirdikləri beynəlxalq elmi-praktik konfrans “Stomatologiyada innovasiyalar” mövzusuna həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov son illər stomatologiya sahəsində həyata keçirilən tikinti-qurucu­luq, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir infra­strukturun yaradılması, yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb, beynəlxalq elmi-praktik konfransların yerli həkimlərin peşə və baca­rıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkiyə Respublikası Hacəttəpə Universitetinin professoru Bahadır Girayın “Dental implant cərrahiyyəsində 11 kritik nöqtə”, Azərbaycan “İmplantoloq” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənovun “Diş implantasiyasında istifadə olunan müasir avadanlıqlar və onların tətbiqi” mövzularındakı məruzələrində stomatologiyanın son yeniliklərindən, dünya praktikasında istifadə olunan üsullardan bəhs olunub, mövzularla bağlı slaydlar göstərilib.
Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova “Stomatoloji Mərkəzin 2012-2014-cü illərdə keçdiyi yol” mövzusundakı məruzəsində son illər tibbin bütün sahələrində özünü göstərən yeniliklərin stomatologiya sahəsində də müşahidə olunduğundan bəhs edib. Muxtar respublikanın həkim-stomatoloqlarının, diş texnikləri və tələbələrin iştirakı ilə keçirilən konfransda fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonra Stomatoloji Mərkəzdə Hacəttəpə Universitetinin professoru Bahadır Girayın və yerli stomatoloqların iştirakı ilə dental implantasiya əməliyyatı aparılıb. Bu əməliyyat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən konfransda internet üzərindən canlı izlənilib. Qeyd edilməlidir ki, son iki gündə artıq 4 dental implant əməliyyat aparılıb. Konfransda ilk dəfə olaraq baş tutan canlı bağlantı isə elektron xidmətləri genişləndirmək məqsədilə Səhiyyə Nazirliyinin müəssisələrində son illər həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir. Artıq bir neçə ildir ki, nazirlikdə tibbi informasiya sistemi proqramı yaradılıb. Bir sıra statistik hesabat formaları (Forma 12, Forma 17, Forma 30), imtahan-test sualları, obliqat qruplarının müayinəsi, uşaq sağlamlıq kartları, Diaqnostika-Müalicə Mərkəzində maqnit rezonans, tomoqrafiya müayinələri muxtar respublikada yaradılmış lokal səhiyyə şəbəkəsinə ötürülür. Hazırda səhiyyə müəssisələrində yaradılmış şərait isə hər hansı cərrahi əməliyyatın dünyanın istənilən ölkəsində izlənilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR