22 Dekabr 2024, Bazar

(əvvəli qəzetimizin 27 may tarixli sayında)

Naxçıvanda bərpa, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşməsi dövrü (1920-1932-ci illər) başa çatdıqdan sonra muxtar respublika sosialist cəmiyyətinin möhkəmlənməsi dövrünə (1933-1940-cı illər) qədəm qoymuşdur. Bu dövrdə muxtar respublikadakı tibb müəssisələrində çarpayıların sayı 1913-cü ilə nisbətən 10 dəfə artmış, həkim və orta tibb işçilərinin sayı çoxalmışdır. Əgər 1913-cü ildə respublika ərazisində cəmi 5 həkim, 14 orta tibb işçisi var idisə, 1936-cı ildə həkimlərin sayı 32, orta tibb işçilərinin sayı 110 olmuş, başqa sözlə, həkimlərin sayı 6 dəfə, orta tibb işçilərinin sayı 8,5 dəfə artmışdır.

Kolxoz və sovxoz qurulmasının coşqun vaxtında kənd əhalisinə tibbi-sanitar xidmətin yeni forması təşkil edilmişdir. Şəhər tibb müəssisələrinin hesabına tibbi dəstələr təşkil edilirdi ki, onlar kənd yerlərinə gedərək tarla işləri zamanı kolxozçulara tibbi yardım göstərirdilər.
İkinci Dünya müharibəsi illərində səhiyyə orqanları qarşısında çox mühüm bir vəzifə – ön və arxa cəbhədə yoluxucu xəstəliklərin yayılmasına yol verməmək vəzifəsi dururdu.
Müharibənin ilk illərindən Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığı respublikada sanitariya işlərini tələb olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin yayılmasına yol verməmək üçün lazımi tədbirlər görmüşdür. 1942-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasının Xalq Səhiyyə Komissarlığı və onun yerli orqanları yanında epidemiyaya qarşı fövqəladə komissiyalar yaradılmışdır. Bu komissiyalar yerlərdə epidemiyaya qarşı mübarizəni təşkil edir və yaşayış məntəqələrində, iaşə, kommunal və sənaye müəssisələrində, uşaq tərbiyə ocaqlarında sanitariya qaydalarının gözlənməsinə nəzarət edirdilər. Onlar sanitar fəallarının işini əlaqələndirib birləşdirirdilər. Bu işdə Qırmızı Aypara Cəmiyyəti mühüm yer tuturdu.
Müharibə illərində Naxçıvan Tibb Məktəbi orta tibb işçiləri hazırlamaqda idi. Müharibə davam etdiyi müddətdə bu məktəb 153 feldşer, 20 mama, 90 tibb bacısı və 39 əczaçı hazırlamışdır ki, onların da bir çoxu məktəbi qurtaran kimi könüllü olaraq cəbhəyə getmişlər. Həmin məzunlarla yanaşı, həkimlərdən Tofiq Sultanov, Mehdi Bağırov, Abbas Əliyev, Əbdüləli Tahirov, Əkbər İsmayılov, Camal İbrahimov, Əkbər Fəttahov, Valentina Suxova, Abdulla Abdullayev, Əzim Kazımov, Hacı Mehdiyev, Cabbar Cəfərov, orta tibb işçilərindən Dilbər Təhməzbəyova, Zərifə Camalbəyova, Xeyrənsə Abdullayeva, Səfiyyə Sultanova və başqalarının da düşmən üzərində qələbədə müəyyən xidmətləri olmuşdur.
Müharibə illərindən sonrakı dövr Naxçıvan MSSR-də səhiyyə (1946-1953-cü illər) sistemində quruculuq mərhələsi kimi səciyyələnir.
Müharibə illərindən sonra respublikanın səhiyyə orqanlarının əsas vəzifəsi nəinki səhiyyənin şəbəkəsini artırmaq, habelə tibbi xidmətin keyfiyyətini ixtisaslaşdırılmış növ xidmətini inkişaf etdirməklə təmin etməkdən ibarət idi. Bu dövrdə xəstələrin müalicəsini yaxşılaşdırmaq və diaqnozun keyfiyyətini yüksəltmək məqsədilə diaqnostik laboratoriya, fizioterapevtik və rentgen kabinələri təşkil olunmuşdur. Xəstəxanaların və onlarda olan çarpayıların sayı, xüsusilə kənd yerlərində artmışdır. Belə ki, kənd xəstəxanalarının sayı 1945-ci ildəki 7-dən 1953-cü ildə 20-yə, çarpayıların sayı eynilə 90-dan 225-ə çatdırılmışdır. Başqa sözlə, müqayisəli illərdə xəstəxanaların sayı, demək olar ki, 3 dəfə, çarpayıların sayı isə 2,5 dəfə artmışdır.
1953-1965-ci illərdə səhiyyə sistemində, əsasən, kadr hazırlığı diqqət mərkəzində saxlanılmışdır. Bu illər ərzində Naxçıvan Tibb Məktəbi 400-dən çox orta tibb təhsilli kadr hazırlamış, aptek şəbəkəsi inkişaf etdirilmiş, Azərbaycan SSR Baş Apteklər İdarəsinin Naxçıvan rayonlararası şöbəsi yaradılmışdır. 1962-ci ildə respublikada 14 aptek, 50-yə yaxın aptek məntəqəsi, analitik laboratoriya, sanitariya-gigiyena mağazaları fəaliyyət göstərirdi.
Həmin dövrdə muxtar respublikada bir çox həkimlər öz fədakar əməyi ilə xalqın rəğbətini və hörmətini qazanmışlar. Naxçıvanlılar görkəmli səhiyyə işinin təşkilatçılarını – Əli Abbasovu, Nadir Məmmədlini, Həmid Əsədovu, Ələkbər İsmayılovu, Hüseyn Abbasovu, Süleyman Süleymanzadəni, Tofiq Sultanovu, Abbas Əliyevi, Fikrət Qədimovu böyük məhəbbət və minnətdarlıqla xatırlayırlar. Azərbaycan SSR-nin əməkdar həkimi, Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuş Anna Suslova ömrünün 45 ilini Naxçıvanda uşaqların sağlamlığının qorunmasına sərf etmişdir. Ruxsara Bayramova, Mehdi Sultanov, Sultan Sultanov, Yaqub Budaqov, Əkbər Nağıyev, Arif Hacıyev, Əqil Mehdiyev, Əli Xəlfəzadə, Əliheydər Qənbərov, Yəmən Cəfərli, Şəfiqə Məmmədəliyeva, Məmmədtağı Sultanov, Valentina Suxova, Aleksandra Kulakova, Qurban Qasımov, Səimə Əliyeva, Hacı Mehdiyev, Hacı Tahirov, Nəsib Nəbiyev, Rəhim Bağırov, Sona Qədimova, Hüseynqulu Hüseynov, Cabbar Əliyev, Tələt Musayev, Klavdiya Simonina öz fədakar əməyi nəticəsində əhali arasında hörmət qazanmışlar.
Tanınmış cərrah Mehdi Bağırovun milli cərrahiyyənin inkişafında xüsusi yeri vardır. O, hələ Sovet hakimiyyəti dövründə Azərbaycanda “SSRİ xalq həkimi” adına layiq görülmüş nadir həkimlərdən biri idi. M.Bağırov 1941-1945-ci illər müharibəsində Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış, ordudan tərxis olunduqdan sonra Naxçıvanda milli cərrahiyyənin bünövrəsini qoymuşdu. Yeni nəsil cərrahların yetişməsinə xüsusi önəm verən M.Bağırov hələ sovet dövründə “Mediçinskaya qazeta”da yazırdı: “Elə olur ki, insan öz xizəyinə minmir. Hər kəsə əməliyyat edən cərrah qisməti verilməyib. Çox kədərlidir ki, bəzi xəstəxanalarda əməliyyatların böyük hissəsini rəhbər həkimlərin özləri edirlər. Bizdə isə gənc cərrahlar məndən çox əməliyyatlar aparırlar. Mən onlara assistentlik etmişəm və onları qorumuşam. İstəyirəm, yaşlı həmkarlarıma bir şey xatırladam: yanınızda olanları öyrətməyə tələsin. Gənclərə isə bir gün də praktikasız olmayın, – deyirəm. Bunsuz cərrah yoxdur”.
Xalq arasında böyük nüfuzu olan M.Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, müxtəlif ordenlərlə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2005-ci ildə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, SSRİ xalq həkimi M.Bağırovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmiş və konfransın materialları kitab şəklində çap olunmuşdur.
Səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi dövrlərdə səhiyyənin inkişafına böyük diqqət və qayğı göstərmiş, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, ötən əsrin 70-80-ci illərində səhiyyə sahəsinin inkişafı ilə bağlı tədbirlər kompleksinin həyata keçirilməsində mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə ocaqlarının tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərini ön plana çəkmiş, profilaktik təbabətin tələbatına uyğun olaraq bu sahədə işçilərin ixtisas səviyyəsinə verilən tələblərin artırılması həmin illərdə səhiyyə qarşısına qoyulmuş təxirəsalınmaz vəzifələrə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov 1984-cü ildə Moskvada çıxan nüfuzlu “Sovetskoe zdravooxranenie” jurnalının 9-cu nömrəsində Naxçıvan MSSR-in səhiyyəsini belə əks etdirirdi: “Qoca Şərqin qapısında mayak kimi parlayan Naxçıvan bu gün bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də hər bir müsəlman ölkəsi üçün nümunədir. Muxtar respublikada 5 şəhər, 2 şəhərtipli qəsəbə, 235 kənd vardır. 1914-1917-ci illər ərzində respublika ərazisində cəmi 20 çarpayılıq 3 xəstəxana, 3 feldşer-mama məntəqəsi və 3 əczaxana fəaliyyət göstərirdi. Səhiyyə sahəsində isə 5 həkim, 8 feldşer, 3 mama-ginekoloq işləyirdi. Bir həkim 31466 nəfərə xidmət edirdi, 7161 nəfərə isə 1 çarpayı düşürdü. Yaşayış yerlərindəki antisanitariya vəziyyəti, tibbi xidmətin aşağı səviyyəsi və sanitariya mədəniyyətinin formalaşmaması əhali arasında xolera, tif, malyariya, traxoma, vərəm və digər xəstəliklərin kütləvi yayılmasına gətirib çıxardı. Əhali arasında ölüm halları 1000 nəfərə 28,8 nəfər təşkil edirdi, ölüm hallarının ən çox müşahidə edildiyi hallar isə yeni­doğulmuşlar arasında baş verirdi. O dövrdə hər 1000 yenidoğulmuş körpədən 300-ü həyatını itirirdi. Hal-hazırda səhiyyə sahəsində muxtar respublikada 20 şəhər xəstəxanası və 1720 çarpayılıq dispanser, 680 çarpayılıq kənd sahə xəstəxanası, doğum evi, şəhər poliklinikası, 13 kənd həkim ambu­latoriyası, 141 feldşer-mama məntəqəsi, 30 çarpayılıq uşaq evi, 50 çarpayılıq uşaq istirahət mərkəzi, 7 sanitar-epidemioloji mərkəz, qanköçürmə mərkəzi, 2 təcili tibbi yardım mərkəzi, məhkəmə-tibbi ekspertizası və sanitar maarifi evi fəaliyyət göstərir. Bu tibb təşkilatlarında 637 həkim və 1959 orta tibb işçisi çalışır. Əhalinin hər on min nəfərinə 25 həkim, 78 orta tibb işçisi düşür. Həkimlərin peşəkarlıqlarını artırmaq məqsədilə onlar Bakı, Moskva, Leninqrad, Kiyev, Xarkov, Kazan, Zaparojye, Minsk, Alma-Ata şəhərlərinin müxtəlif xəstəxana və klinikalarına ixtisas­artırma kurslarına göndərilirlər. Orta tibb işçiləri isə tibbi və əczaçılıq təhsillərini daha da təkmilləşdirmək üçün Bakı Tibb Məktəbində və Naxçıvanda Heyran xanım adına Tibb Məktəbində kurslardan keçirlər. Naxçıvanda anaların və uşaqların sağlamlığının qorunmasına da böyük diqqət yetirilir. Respublikada hər il mama-ginekoloji və pediatr peşələrinin tibbi xidməti dairəsi genişlənir və yaxşılaşır. Hazırda analara və uşaqlara tibbi xidmət göstərilməsi üçün doğum evi fəaliyyət göstərir. Burada doğum bölməsi 240 çarpayıdan, uşaq xəstəxanası və bölməsi isə 520 çarpayıdan ibarətdir. Sanitar xidmətdə də inkişaf nəzərə çarpır. Keçirilən tədbirlər nəticəsində bir sıra yoluxucu xəstəliklər – malyariya, traxoma, difteriya və başqa xəstəliklər çox aşağı səviyyəyə düşmüşdür”.
Bütövlükdə, 1969-1999-cu illərdə Naxçıvan Muxtar Respublikasında 1156 yerlik xəstəxana, növbədə 1045 nəfər qəbul edə biləcək poliklinika və ambulatoriyalar tikilmişdir ki, bu da ulu öndərimiz tərəfindən əsası qoyulmuş genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani ifadəsidir.
Səksəninci illərin sonlarında muxtar respublikamızda yaranmış vəziyyət digər sahələr kimi, səhiyyə sisteminə də öz mənfi təsirini göstərmişdir. Məhz bu dövrdə – doxsanıncı ilin yayında xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlməsi bu diyarı onu gözləyən bəlalardan qurtarmış, əhalinin inam və mübarizəsinə güc və qüvvət vermişdir. Milli azadlıq hərəkatının vüsət aldığı ilk dövrlərdə ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı və bu proseslərə dəstək verməsi, sonradan isə muxtar dövlətin başçısı kimi hərtərəfli fəaliyyəti Naxçıvanın muxtariyyət statusunun saxlanılması, bölgənin işğaldan qorunması, muxtar respublikanın beynəlxalq səviyyədə səsinin eşidilməsində mühüm rol oynamışdır.
Bu gün özünün 90 illik muxtariyyət yubileyini istər siyasi, istərsə də iqtisadi sahədə qazandığı uğurlarla qeyd edən Naxçıvan xalqımızın qədim dövlətçilik ənənələrinə əsaslanaraq yeni inkişaf yoluna qədəm qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika hərtərəfli inkişaf edir, əsl intibah dövrünü yaşayır. Həyatın bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də baş verən əsaslı dəyişikliklər bu gün sürətlə və ardıcıl davam etdirilir.

(ardı var)

Hüseyn ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR