Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 350 milyonu hepatit “B”, 170-220 milyonu isə hepatit “C” virusları ilə yoluxmuşdur. Hər il bu xəstələrin sayı 3-4 milyon nəfər artmaqdadır. Müəyyən olunmuşdur ki, xroniki infeksiyalaşmış şəxslərdə xəstəlik ciddi ağırlaşmalarla nəticələnə bilir. Viruslarla yoluxmuş şəxslərdə ilk illər xəstəliyin əlamətləri özünü göstərmir. Virusun vaxtında tapılması bu virusla müalicəni düzgün aparmağa və yoluxmuş şəxsin həyatını xilas etməyə imkan verir.
Hepatit virusu xəstəliyinə qarşı mübarizə tədbirləri muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən “Roche Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cari ilin fevral ayından etibarən “C” və “B” virus hepatitlərinin profilaktikası, müayinə və müalicəsi” adlı birgə layihə həyata keçirir. Ötən müddətdə keçirilən birgə tədbirlərdə kütləvi informasiya vasitələrində virus hepatitlərinin dünyada aktuallığı, həmçinin muxtar respublikada epidemioloji statusu barədə məlumatlar verilmiş, əhali üçün planlaşdırılan konsultasiyaların tarixi və yeri müəyyənləşdirilmiş, müayinələri aparacaq tibb işçiləri QİÇS ilə Mübarizə və Profilaktika Mərkəzində xüsusi təlim keçmiş, mərkəz müayinələr üçün kifayət qədər reaktivlə təmin edilmişdir. İlk mərhələdə Babək rayonunun Nehrəm kəndində 2 həftə ərzində 18 yaşdan yuxarı 2 min nəfərin müayinəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Artıq Nehrəm Kənd Sahə Xəstəxanasında layihənin növbəti mərhələsinə start verilmiş, əhalinin profilaktik müayinələrinə başlanılmışdır. Ətraf kəndlərin sakinlərini də əhatə edən müayinələr üçün kənd sahə xəstəxanasında xüsusi kabinə ayrılmış, lazımi şərait yaradılmışdır. Qan analizləri QİÇS ilə Mübarizə və Profilaktika Mərkəzində müayinə edildikdən sonra “Roche Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin hepatit diaqnozlu xəstələrlə görüşü keçiriləcək və müalicə taktikası üçün göstərişlər veriləcəkdir.
Birgə layihə çərçivəsində Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında elmi-praktik konfrans da keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti