Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, – deyən ulu öndərin himayəsi ilə hələ ötən əsrin 70-ci illərində respublikamızın şəhər, rayon və kəndlərində səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmışdır. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə səhiyyə sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev səhiyyə sisteminin inkişafını, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsini və infrastrukturun yenilənməsini daim diqqət mərkəzində saxlayır. Səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təchiz olunması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir.
İnsanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi məqsədilə muxtar respublikada da mühüm işlər görülür. Səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olmuş, keyfiyyətli dərman və tibbi ləvazimatlarla təchizat yaxşılaşdırılmış, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması prioritet məsələyə çevrilmişdir.
Müasir dövrdə sağlamlığın təminatı cəmiyyətin sosial güzgüsü sayılır. Bu reallıq nəzərə alınaraq səhiyyə xidmətlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır, yeni səhiyyə obyektləri tikilir. Son illər muxtar respublikanın ucqar kəndlərində belə, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri istifadəyə verilmiş, səhiyyə xidməti günün tələbləri səviyyəsində qurulmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika (QİÇS) Mərkəzi, Dəri-Zöhrəvi Dispanseri üçün yeni binalar tikilir, muxtar respublika xəstəxanasının binasında əsaslı yenidənqurma işləri aparılır. Bütövlükdə, son 18 ildə 200-dən çox səhiyyə obyektinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasında bu sahəyə göstərilən diqqət və qayğının əyani ifadəsidir.
Muxtar respublikamıza səfəri çərçivəsində ölkə başçısı cənab İlham Əliyev Naxçıvanda yeni tibb ocaqlarının tikintisini yüksək dəyərləndirərək demişdir: “Yeni xəstəxanaların açılışı artıq Naxçıvanda gözəl ənənəyə çevrilibdir... Onların hamısı yüksək keyfiyyətlə tikilib, yüksək standartlara cavab verir. Çox sevindirici haldır ki, muxtar respublikanın bütün rayonlarında gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada quraşdırılan avadanlıq ən yüksək səviyyəyə layiqdir. Həm həkimlər üçün, həm də xəstələrin müalicəsi üçün bütün şərait var”.
Səhiyyə sahəsində görülən işlər ancaq quruculuq tədbirləri ilə yekunlaşmır. Tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa geniş imkanlar açmışdır. Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır. Təkcə ötən il ərzində Türkiyə Respublikasından və Bakı şəhərindən mütəmadi olaraq dəvət olunmuş oftalmoloqlar, kardiocərrahlar, plastik və laporoskopik cərrahlar tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 104, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 50 açıq ürək, 71 angioqrafiya və digər əməliyyatlar aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikamızın 90 illik yubileyi çərçivəsində bir sıra humanitar aksiyalar təşkil olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə şərait yaratmışdır. Ölkə başçısının tapşırığına əsasən, bu il fevralın 17-dən may ayınadək davam edən əhalinin icbari dispanserizasiyası muxtar respublikamızda da uğurla həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində ali və orta ixtisaslı tibb kadrları hazırlanır. Artıq muxtar respublikanın xəstəxanalarında bu təhsil ocaqlarını bitirən gənc tibb işçiləri də çalışırlar. Bununla yanaşı, həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə çoxsaylı seminarlar, konfranslar keçirilir, tibb işçiləri Bakı şəhərinə və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilirlər. Bütün bunların nəticəsidir ki, muxtar respublikadan olan həkimlər müstəqil şəkildə xəstələr üzərində açıq ürək, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparırlar.
Müasir dövrdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən birini də səhiyyə maarifi işi təşkil edir. Həkimlərin, tibb işçilərinin üzərinə düşən vəzifələrdən biri də aparılan müayinə və müalicələrlə yanaşı, xəstəliklərə qarşı insanları məlumatlandırmaqdan ibarətdir. Muxtar respublikada səhiyyə maarifinin düzgün təşkili uşaqlara peyvəndlərin vaxtında vurulmasına səbəb olmuşdur. Əhali arasında səhiyyə maarifinin gücləndirilməsində və yerlərdə onlara tibbi xidmət göstərilməsində həkim briqadalarının böyük rolu var. Bu briqadalar qrafik əsasında kəndlərdə olur, əhaliyə xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikasında əhaliyə 235 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Tibb müəssisələrində 734 həkim, 2 mindən artıq orta tibb işçisi çalışır. Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar orden və medallarla, fəxri adlarla təltif olunurlar.
Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar səhiyyə sisteminin də müasirləşməsi ilə xarakterizə olunur. Bu da tibb işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz layiqli töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti