Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Bakı şəhərindəki Endokrinoloji Mərkəzin və Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserin birgə “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
Muxtar respublikanın 90 illiyinə həsr olunmuş konfransı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açaraq bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda belə konfransların mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, vətəndaşların sağlamlığının qorunması istiqamətində muxtar respublika rəhbərinin dəstəyi sayəsində son illər görülən işlərdən danışmışdır.
Bakı şəhərindəki Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov “Şəkərli diabet və onun müalicə prinsipləri” mövzusunda çıxış edərək bildirmişdir ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hazırda dünyada 250 milyondan çox şəkərli diabet xəstəsi var. Hər il qeydə alınan ölüm hallarının 5 faizi şəkərli diabet nəticəsində baş verir. Odur ki, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Sonra Bakı şəhərindəki Endokrinoloji Mərkəzin həkim-endokrinoloqları Zərifə Əliyeva “Diabetik neyropatiyanın diaqnostikası və müasir müalicə prinsipləri”, Ülviyyə Əliyeva “Diabetik nevropatiyanın diaqnostikası və müasir müalicə prinsipləri” mövzularında məruzələr etmişlər. Məruzələrdə şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verilmişdir.
Muxtar respublika endokrinoloqları, terapevtləri, nevroloqları, cərrah və ginekoloqlarının iştirak etdiyi konfransda müzakirələr aparılmış, suallar cavablandırılmış, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanmışdır.
Bakıdan gələn yüksəkixtisaslı həkimlər Endokrinoloji Dispanserin endokrinoloqları ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparmış, Şahbuz rayonunda 49, Ordubad rayonunda isə 45 nəfər bu qəbildən olan xəstəyə baxış keçirmiş, onlara tibbi məsləhətlər vermişlər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti