Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində uşaqlar üzərində açıq ürək cərrahiyyə əməliyyatları keçirir. Mərkəzin kardiocərrahı Elnur Həsənovun, uşaq cərrahı Faiq Mirzəzadənin, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu heyət son 4 gündə 7 uşaq üzərində açıq ürək əməliyyatları aparıb.
Artıq 3 ildir ki, muxtar respublikada uşaqların ürək müayinəsini invaziv üsulla aparan kollektiv bu dəfə açıq ürək əməliyyatlarını da uğurla həyata keçirir. Qeyd edək ki, 4 kiloqram çəkisi olan 6 aylıq körpə Rəna Səfərova, 10 yaşlı Rəhman Məmmədov və 1 yaşlı Zümrüd Əliyeva üzərində mitral qapaq prolapsına görə mürəkkəb cərrahiyyə əməliyyatları icra olunub. Dünən isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində daha bir ağır əməliyyat aparılıb. Şərur rayonundakı Cəlilkənddən gətirilmiş anadangəlmə ürək qüsurlu 50 günlük körpə Fəridə Kəlbiyeva üzərində aparılan açıq ürək əməliyyatı zamanı mədəcikarası çəpər qüsuru aradan qaldırılıb. Hazırda həkim nəzarətində olan körpə tezliklə öz valideynlərinə qovuşacaqdır.
İnvaziv kardioloq Elnur İmanov isə son iki gün ərzində 42 nəfər anadangəlmə ürək qüsurlu uşaqları exokardioqrafik müayinədən keçirib.
Belə tədbirləri yüksək qiymətləndirən sakinlər yaradılan şəraitə görə muxtar respublika rəhbərinə və bu işdə zəhməti olan həkimlərə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti