Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan “İmplantoloq” İctimai Birliyi və Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Stomatologiyada innovasiyalar” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq vətəndaşların sağlamlığının qorunması istiqamətində muxtar respublikada görülən mühüm işlərdən danışmış, səhiyyənin modernləşdirilməsinin, infrastrukturunun yenilənməsinin, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılmasının və ən müasir avadanlıqlarla təchiz edilməsinin, səhiyyənin informasiyalaşdırılmasının, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açdığını bildirmişdir.
Qeyd edilmişdir ki, yeni tikilən və yaxud əsaslı təmir edilərək yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının müasir tibbi avadanlıq və texnika ilə təchiz edilməsi ixtisaslı kadrların kəmiyyət və keyfiyyətinin daha da artırılmasını zəruri etmişdir. Bu məqsədlə tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilməsi ardıcıl xarakter almışdır. Səhiyyənin aktual problemlərinə həsr edilən elmi-praktik konfrans və seminarlar isə həkimlərin müasir elmi biliklərə yiyələnmələrində mühüm rol oynayır.
Seminarda Azərbaycan “İmplantoloq” İctimai Birliyinin sədri, İsveçrənin Beynəlxalq İmplantdentlər Təşkilatının Azərbaycandakı tədris qrupunun rəhbəri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov “Dişlərin implantasiyası və onun müasir stomatologiyada yeri”, Azərbaycan “Ortodontlar” Cəmiyyətinin üzvü, İmplantdent Klinikasının ortodont-stomatoloqu Teymur Məmmədov “Retensiya olmuş dişlərin ortodonik müalicəsi”, Azərbaycan “İmplantoloq” İctimai Birliyinin, Estetik Diş Həkimliyi Akademik Dərnəyinin və Beynəlxalq İmplantdentlər Təşkilatının üzvü, İmplantdent Klinikasının həkim-stomatoloqu Hikmət Baxışov “Modern prepasiya, elementlər və qaydalar. Ölçü texnikasında innovasiyalar” mövzularında məruzələr etmişlər.
Günün ikinci yarısı öz işini davam etdirən seminarda yerli həkimlər bilik və bacarıqlarını paylaşmışlar. Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin baş həkimi Səkinə Məmmədova muxtar respublikamızda müasir stomatologiyanın inkişafı barədə məlumat vermiş, İmplantdent Naxçıvan Klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov “Stomatoloji xidmətdə ortodonik müalicə ilə implantasiyanın birgə tətbiqi” mövzusunda çıxış etmişdir.
Muxtar respublika stomatoloqları, diş texnikləri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi seminarda müzakirələr aparılmış, suallar cavablandırılmış, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti